Hər bir dövlət müstəqilliyinin davamiyyəti onun qurucusu olan öndərlərin siyasi dühası ilə müəyyən edilir. Lider cəmiyyətin əsas aparıcı qüvvəsi, milli inkişafın zəruri amilidir. Bu baxımdan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə öz əhəmiyyəti ilə seçilir. Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsini qlobal təhdidlər dövründən uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanmasına müvəffəq olmuşdur. Siyasət meydanında olduğu illər ərzində Ulu öndər XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır.
Daim Azərbaycan maraqlarından çıxış edən görkəmli şəxsiyyət Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən (1982-1987) sonra Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etmişdir. Respublikamızın bir müstəqil dövlət kimi varlığı məhz Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı 1993-cü ilin iyunu dövründə qorunub saxlandı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cü ilin sentyabr ayının 20-də ixarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi” adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlərin həyata keçirilməsinə imkan yaradıldı. Xəzər neftini dünya bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft, həmçinin Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinə verilən töhfə oldu. Ulu öndər dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni yalanları faktlarla ifşa olundu.
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə keçirilən ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu . Konstitusiyanın qəbulu Azərbaycanın zəngin dövlətçilik tarixinin, dövlətin bir suveren təsisat kimi mövcudluğunun təsdiqi idi.
Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik lider, praqmatik siyasətçi olmaqla yanaşı, həm də çox sadə və təbii insan, uğurlu lider formulunun əsil nümunəsi idi. Dahi şəxslərə məxsus olan mərdlik, cəsarət, səmimiyyət, qətiyyət, müdriklik kimi faktorlar Ulu Öndərdə birləşmişdi. O, rəhbər və lider kimi möhtəşəm insan idi. Heydər Əliyev siyasətinin ən uca məqamı xalqa xidmətə əsaslanırdı. Xalqa sevgi və məhəbbətlə yanaşan Heydər Əliyev fenomen şəxsiyyət olaraq tarixə daxil olmuşdur. Qədim dövlətçilik ənənələri üzərində yenidən qurulmuş müstəqil bir dövlət olan Azərbaycanı dünyaya tanıdan aparıcı amil onun məhz Heydər Əliyev kimi liderinin olması idi.
Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına verilən əvəzolunmaz töhfələr məhz Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev şəxsiyyətini ideal səviyyəyə qaldırdı. Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir.
Nailə Məmmədova
“Azerbaijan Realities” analitik layihə qrupu