MÖMÜNƏ XATUN TÜRBƏSI

      Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Mömünə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.

     Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Mömünə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Ə. Ə. Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdırmışdır. Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir".                                                                                           

    Memar Əcəmi bu türbəni Yusif Küseyir oğlu türbəsindən 26 il sonra inşa etmişdir. Mömünə xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə memar yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir

     Türbə, kiçik tikililər arasında xüsusi seçilən, təxminən 25 metrlik onbucaqlı həcmə malikdir. Türbə qırmızı dioritdən olan qaya daşları ilə örtülmüş postament (altlıq) üstündə ucaldılmışdır.    

      Mömünə Xatun türbəsi öz sələfindən ilk öncə ölçü böyüklüyü və plan biçiminin mürəkkəbliyi ilə seçilir. Türbənin sərdabəsi planda onbucaqlıdır. Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş,  ucaltdığı sərdabənin ortasında qalın onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə sivri tağbəndlərlə birləşdiyindən göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranmışdır.

     Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq məqsədi ilə memar onun tinlərindən qarşı künclərə kərpic qabırğalar – nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. Bu karkas da biçimcə abidəni bəzəyən və riyazi ahəngdarlığa əsaslanan naxış quruluşları ilə bir köklüdür. Karkasların araları saya naxışlı kərpic hörgüsü ilə üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın duyulur.

     Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır. Qülləyə düzbucaqlı giriş qapısı dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti ilə "Bənna Əcəmi Əbu Bəkr oğlu" kitabəsi yığılmışdır. Bunları içinə alan saya baştağ kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni xəttlə türbənin tikinti tarixi yazılmışdır.                                                                 

     Üzlərdəki sivri tağçaların bəzəyində işlədilmiş parlaq göy-firuzəyi kaşılı kərpiclər bişmiş kərpicin ümumi qırmızımtıl koloriti fonunda təsirli vurğular, qovşaqlar əmələ gətirir. Bu vurğular mürəkkəb naxış çeşnilərinin qavranılmasını asanlaşdırıb, rəng həllini zənginləşdirməklə yanaşı tağçaiçi səthlərə məxsusi incəlik və vizual dərinlik gətirir.                                                                                                                             İnteryeri qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça medalyon (diametri 1,5 m) gözə dəyir. Gəc üzərində oyma üsulu ilə yaradılmış bu gözəl dekorativ sənət örnəkləri bitkisəl naxışlar fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir. Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən adlar çevrələyir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir.

     Dairəvi xonçalar XII yüzilin nadir gəctəraşlıq əsəridir. Eyni tarixi dövrün əsəri olan Xərrəqan türbəsinin iç tağça əyrilərinin ortasında da dairəvi medalyonlar çəkilmişdir. Çoxu quş və əjdaha təsvirləri olan bu xonçalar içərisində ortası dekorativ biçimli 6 və 8 bucaqlı ulduzlarla doldurulmuş olanları da vardır. Həm də bu ulduzlar çalkeçir yolu ilə standart ayrıntılardan yaradılmışdır. Mömünə Xatun xonçaları bu əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış biçimidir. Əcəmi günəş və planetlərin rəmzi olan bu dairəvi xonçaları interyerin ən uca yerinə – günbəz əyrisi içərisinə qaldırmış, yarıqaranlıq türbə interyerini "işıqlandırmışdır".

                                                                                Gülşən Mehdiyeva

«Azerbaijan Realities» Qrupunun üzvü

 

 

2016-03-16 / 00:00
Facebook