Səməd bəy Mehmandarov - nadir artilleriyaçı

Məlum olduğu kimi, 2015-ci il 29 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.
Sənəddə yazılır ki, general Səməd bəy Mehmandarov döyüş meydanlarında yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.
Həqiqətən də 1918-ci ilin sonlarından Azərbaycanın hərb nazirinin səlahiyyətlərini icra etmiş Səməd bəy Mehmandarov Milli Ordumuzun yaradılması, formalaşması prosesində özünəməxsus rol oynamış ali rütbəli zabitlərdəndir. Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdur.
İlk təhsilini Bakıda gimnaziyada aldıqdan sonra 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alıb və elə həmin vaxtda da üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsinə yüksəlib. S.Mehmandarova Rus-Yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib. 
O, 10 ilin içində üç dəfə general rütbəsi almışdı. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı kimi tarixə düşmüşdü. 1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.
1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.
General Mehmandarovun ölkə tarixinə ən böyük töhfəsi onun Azərbaycan Xalq Cümhuriyyəti  hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutması və müstəqil Azərbaycanın qısa müddətdə 40 minlik ordusunu yaratması olub. Səməd bəy Mehmandarov deyirdi: “Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib  oldu”.
1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar.
Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.
   Hərbi nazir general Səməd bəy Mehmandarov 1919-cu il aprelin 2-də Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu və bu qəhrəmanlıqlar tariximiz əsasında ordunun şəxsi heyətinin milli vətənpərvərlik ruhunda tərbiyəsinə başlanmasının vacibliyini göstərərək yazırdı:  «..Yüzillik rus hökmranlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq».
1920-ci ilin aprelində XI Qızıl Ordu inanılmaz say üstünlüyünə malik olduğu üçün , müstəqil  Azərbaycan dövlətinin ərazisin zəbt eddikdən sonra, Bakıda bolşevik hakimiyyətini quran zaman  S.Mehmandarov  və  Ə. Şıxlinski haqqında digər zabitlərlə birlikdə, güllələnmə hökmü çıxarılıb. Onları Azərbaycan Sovet Xalq Komissarlığının rəhbəri Nəriman Nərimanov xilas edib. Nərimanov Leninə məktub yazaraq, hər iki  zabitin müdafiəsinə şəxsən qol qoyub.
S. Mehmandarov , Ə. Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun  köməyi  sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilir. Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorov, Yakovlev, baş artilleriya marşalı Voron və başqalarına dərs deyib. Mehmandarov Hərbi Akademiyada taktikadan dərs deyir. Bir ildən sonra Bakıya qayıdan general Azərbaycan Komandirlər Məktəbində dərs deyir. 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı:”Mehmandarov nadir artilleriyaçıdır”.
General-polkovnik həm də dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur.
Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.
Səməd bəy Mehmandarov Azərbaycan hərb tarixində müstəsna rol oynayıb və xalqına, vətəninə Böyük xidmətlər göstərib. Və nə yaxçı ki, bu görkəmli şəxsiyyətin xidmətləri qədirbilən xalqımız tərəfindən unudulmayıb, lauiqincə qiymətləndirilib. Bunun bariz göstəricisi onun 160 illik  yubileyinin  dövlət səviyyəsində qeyd edilməsidir.

                                                                                                        Gülşən Mehdiyeva
                                                                   “Azerbaijan Realities” Qrupunun üzvü

2016-02-15 / 00:00
Facebook