1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 26 il ötür. Xalqımızın yaddaşına əbədi həkk olmuş bu faciə insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridildi. Erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı. Nəticədə beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri kobudcasına pozulmuş, öz müstəqilliyinin müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulmuşdu.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü il yanvarın 19-da Bakıda 20 Yanvar şəhidlərinin ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşdə demişdir: “20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində ən qara səhifələrdən biridir. Həmin gün, yəni yanvarın 20-nə kecən gecə Azərbaycan xalqına qarşı hərbi, siyasi, mənəvi təcavüz edilib, onun sinəsinə süngü sancılıb, xalqımızı əzmək, tapdalamaq, onun mənliyini təhqir etmək üçün dəhşətli cinayətlər törədilib. Bu faciə Azərbaycan xalqının həyatında böyük dəyişikliklər əmələ gətiribdir. Həm də bu faciə ondan qabaqkı dövrdə Azərbaycan xalqının başına gəlmiş bəlalar və hadisələrlə sıx bağlıdır. Ondan öncə, bir neçə il əvvəl təcavüzkar qüvvələr tərəfindən Azərbaycan Respublikasını, Azərbaycanı parçalamaq, dağıtmaq, Azərbaycan torpaqlarını zəbt etmək meylləri planlaşdırılmış və həyata keçirilmişdi. Bunların hamısını tamamilə həyata keçirmək üçün Azərbaycan xalqının iradəsini qırmaq, xalqımızı əzmək lazım idi. 20 Yanvar faciəsi də məhz bununla əlaqədar törədilmişdir. O gün, o gecə bizim əziz balalarımız, qardaşlarımız, bacılarımız həlak olmuş, bir çoxları xəsarət almış, indi də yaşayır. Lakin məsələ tək bununla qurtarmır. O gün Azərbaycan xalqı təhqir edilmişdir. O gün Azərbaycan xalqına qarşı təcavüz olunmuşdur. Eyni zamanda onu qeyd etmək lazımdır ki, o qanlı yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur”.
O dövrdə ən ciddi bəyanatı da məhz xalqımızın Moskvada yaşayan öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Məhz imperiyanın mərkəzində, dünyanın aparıcı media təmsilçiləri qarşısında irəli sürülən, 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən bu bəyanat ciddi rezonans doğurmuşdu. Həmin bəyanatda sovet dövlətinin başçısı M.S.Qorbaçovu birbaşa ittiham etməsi Ulu Öndərin cəsarətinin, öz xalqına dərin məhəbbətinin, bağlılığının daha bir sübutu idi.
Ulu Öndərin "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır" tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsasını təşkil etmişdir. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsi onun fəaliyyətinin bütün sonrakı mərhələlərində də öz aktuallığını qoruyub saxlamışdır. 20 Yanvar hadisələrinə ilk obyektiv hüquqi-siyasi qiymət isə 1991-ci il noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı.
Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi onun qarşıya qoyduğu vacib tələb idi. Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Ulu öndərin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Ümummilli Liderimiz tərəfindən «20 Yanvar Şəhidi» fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci il tarixli Fərmanın, "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında 17 yanvar 2000-ci il tarixli Fərmanın, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında 17 yanvar 2000-ci il tarixli Sərəncamın və bununla bağlı digər sənədlərin imzalanması bu dahi şəxsiyyətin 20 Yanvar faciəsinə nə dərəcədə həssas yanaşdığının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi ilə bağlı bir sıra normativ aktların, əsasən də, “Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara və şəhid ailəsi üzvlərinə verilən müavinətlərin artırılması haqqında” 23 avqust 2005-ci il tarixli Fərmanın, “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 19 yanvar 2006-cı il tarixli Fərmanın, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli Fərmanın, həmçinin digər sənədlərin imzalanması dövlət başçısının bu məsələni diqqətdə saxladığının göstəricisidir.
Ölkə başçısının 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə diqqətinin daha bir təzahürü bu günlərdə imzaladığı mühüm sənədlər oldu. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Fərmanına əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmışdır. Digər bir Fərmanla isə, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılmışdır.
Həmçinin, bu günlərdə müvafiq Sərəncamla “20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənmişdir. Həmin plana əsasən, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi, bu tədbirlərin KİV-də geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı KİV-lərində bu faciə barədə materialların verilməsi, habelə bütün tədris müəssisələrində xüsusi dərslərin aparılması nəzərdə tutulmuşdur.
Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir.
Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ötən il 20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində "20 Yanvar Şəhidləri Bulağı"nın açılmasının olduqca böyük rəmzi mənası vardır.
Məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində 20 Yanvar faciəsi ilə bağlı faktlar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq qurumlara çatdırılır. Bu işdə Fondun xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri də mühüm rol oynayır və 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə konfranslar təşkil edir.
Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.
İlk dəfə olaraq, insanlıq əleyhinə cinayətlərin definisiyası Nürnberq Tribunalının Nizamnaməsində verilmişdir. Nizamnaməyə əsasən, istənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövründə, Tribunalın yurisdiksiyasında olan hər hansı bir cinayətlə bağlı törədilən adamöldürmə, kütləvi qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud siyasi, irqi və ya dini əsasda təqiblər insanlıq əleyhinə cinayətləri təşkil edir.
Müasir beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə cinayət sistematik və ya geniş miqyasda törədilən, hökumət və ya istənilən təşkilat yaxud qrup tərəfindən həvəsləndirilən və ya istiqamətləndirilən göstərilən əməllərdən biridir: adamöldürmə, kütləvi qırğın, işgəncə, kölə vəziyyətinə salma, siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə, əsas insan hüquq və azadlıqlarının pozulmasını əhatə edən və əhalinin bir hissəsinin ciddi sıxışdırılmasına gətirib çıxaran irqi, etnik və ya dini əlamətlər əsasında ayrı-seçkilik, özbaşına deportasiya və ya əhalinin məcburi köçürülməsi, özbaşına həbs etmə, adamların zorakı itirilməsi, fiziki və ya psixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani əməllər. Qeyd olunan əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün iki şərt tələb olunur: əməl sistematik və ya geniş miqyasda törədilməlidir; əməl hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir.
Xüsusilə vurğulamaq lazımdır ki, insanlıq əleyhinə cinayətlərin müasir definisiyası belə bir şərti nəzərdə tutmur ki, əməl müharibə zamanı və ya sülh əleyhinə cinayətlərlə, yaxud müharibə cinayətləri ilə bağlı törədilməlidir. Müasir beynəlxalq hüquq insanlıq əleyhinə cinayətlərin müstəqil statusunu müəyyən edir. Belə ki, Ruanda Beynəlxalq Tribunalının Nizamnaməsində insanlıq əleyhinə cinayətlərin müharibə zamanı və ya dinc vaxtı törədilə bilməsi qeyd olunur.
Beləliklə, müasir beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə cinayətlər beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb etmir. Bakıda dinc əhaliyə qarşı törədilmiş cinayətləri insanlıq əleyhinə cinayət kimi tövsif etsək, nəinki, bilavasitə bu cinayəti törətmiş hərbçilərin və onların törədilməsinə əmr vermiş hərbi komandanlıq üzvlərinin, həmçinin də bu cinayətkar planı işləyib hazırlamış və onun həyata keçirilməsinə göstəriş vermiş o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması məsələsi qoyulmalıdır.
Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi müasir büynəlxalq hüquqda öz əksini tapmışdır. Bu prinsipə müvafiq olaraq, hər hansı beynəlxalq cinayəti törətmiş və yaxud törədilməsində bu və ya digər şəkildə iştirak etmiş şəxs cəmiyyətdə və dövlət aparatında tutduğu mövqedən asılı olmayaraq həmin cinayət əməlinə görə məsuliyyət daşıyır. Bir mühüm məsələni də qeyd etmək lazımdır ki, törədilmə vaxtından asılı olmayaraq belə cinayətləri törətmiş şəxslər məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, müasir beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərə onların törədildiyi vaxtdan asılı olmayaraq heç bir iddia müddəti tətbiq olunmur. Bu mühüm prinsipin müqavilə əsası da vardır. Belə ki, Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə iddia müddətinin tətbiq olunmaması haqqında 1968-ci il Konvensiyasına əsasən, insanlıq əleyhinə cinayətlərə hər hansı bir iddia müddəti tətbiq olunmur.
Beləliklə, göründüyü kimi, 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza vardır. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövlətinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.
“Azerbaijan Realities” analitik layihə qrupu