Keçən əsrin əvvəllərində, 18 aylıq ilk mövcudluq dövründən ən istəkli bir varlıq kimi sevilmiş, əzizlənmiş, adına şeirlər yazılmış, mahnılar bəstələnmiş üçrəngli bayrağımız artıq yüz ilə yaxın bir müddətdir ki, xalqımızın müqəddəs rəmzinə çevrilmişdir.
Dövlət suverenliyinin rəmzlərindən biri olan Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə məlum olduğu kimi, 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Lakin tarixə nəzər yetirsək görərik ki, buna qədər Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilmişdi. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi, yəni Türkiyənin dövlət bayrağı formasında qəbul edilmişdir. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.
İlkbayrağımız haqqında verilən bu qərar, əsasən, xalqımızın türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığını sübut etmək və Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görməklə izah edilirdi.
Lakin XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadənin bu ideyası sonralar Azərbaycanın milli bayrağında öz əksini tapdı. Belə ki, 1918-ci ilin noyabrın 9-da təsdiq olunmuş qərara görə yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edildi.
Hər kəsə məlumdur ki, bayrağımızdakı göy rəng – türkçülüyün rəmzidir. Bu da Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Mütəxəssislər türklərin göy rəngə üstünlük verməsini müxtəlif səbəblərlə izah edir. Bəziləri hesab edir ki, göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Bəziləri isə bunu orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə tikilən saysız-hesabsız qədim abidələrin əksəriyyətinin göy rəngdə olması ilə bağlayır.
Qırmızı rəng – müasirliyin simvoludur. Bu rəng Avropanın nail olduğu inkişafı, demokratiyanı səciyyələndirir. Bu isə XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində başlayan böyük irəliləyişlərlə bağlıdır. Məhz buna görə qırmızı rəng Avropanın simvoluna çevrildi.
Yaşıl rəng – islam ideologiyasının rəmzidir. Bu isə ölkəmizin islam sivilizasiyasına, islam dininə mənsubluğunu ifadə edir.
Lakin çox təəssüf ki, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız 1920-ci il mayin 3-də Sovet ordusunun işğalı nəticəsində Azərbaycan parlamentinin binası üzərindən endirildi.
Yalnız 70 illik çətin bir sınaqdan keçən millətimiz yenidən müstəqilliyini bərpa etməklə öz milli atributlarına da qovuşdu. İlk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Daha sonra isə 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktının qəbulu ilə üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başladı.
Ləman Xəlilova
“Azerbaijan Realities”