Azərbaycanla Rusiya arasında əlaqələrin mühüm bir istiqamətini humanitar sahədə əməkdaşlıq təşkil edir. Ölkələr arasında uğurla icra olunmuş 2000-2002-ci illər üzrə mədəniyyət, elm və təhsil sahələrində uzunmüddətli əməkdaşlıq proqramı, 2004-2006-cı illər və 2007-2009-cu illər üzrə humanitar sahədə əməkdaşlıq proqramları, ikitərəfli saziş və müqavilələr, həmçinin, hər iki ölkənin mədəniyyət və təhsil nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları və protokollar humanitar sahədə əməkdaşlığın hüquqi bazasını daha da təkmilləşdirmişdir.
Ölkələr arasında humanitar sahənin inkişafının davamı kimi, 2013-cü ilin Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri zamanı sənədlərin imzalanma mərasimində “2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalamışdır.
Bundan başqa, 2013-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu məhz Bakıda keçirilmiş, foruma dünyanın 30 ölkəsindən 400-dən çox qonaq gəlmişdi. Həmin tədbir Rusiyanın bu nüfuzlu ali məktəbinin məzunu olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə təşkil edilmişdi.