Ekoloji durumun təhlili

Bu gün dünyanın ən vacib problemi halını alan ekoloji problemlərin qarşısının alınmaması irəlidə reallaşacaq daha ciddi ekoloji fəlakətin xəbərçisi ola bilər. Çünki təbiət, obrazlı şəkildə ifadə etsək, bizim evimizdir və bizim gələcəyimiz bu evi necə saxlamamızdan çox asılıdır. Yəni ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi  davamlı inkişaf üçün vacib amillərdən biridir.

         Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyin daim diqqət mərkəzində olmasını tələb edir. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülmüşdür.

Azərbaycanın ekoloji təhlükəsizliyinə olan təhdidləri və bu problemləri doğuran səbəbləri aşağıdakı kimi sadalamaq mümkündür:

-         Azərbaycan Respublikasındakı ekoloji problemlər Sovet dönəmindən etibarən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır;

-         Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə törədilən genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir;

-    Respublikamızın şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır;

-  Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması ekoloji durumu təhlükə altına alır;
- Həmçinin Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası nəinki Azərbaycan, bütövlükdə region üçün təhlükə mənbəyi, dövlətlərin ekoloji təhlükəsizliyinə böyük təhdiddir.

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Bu imkanlar isə ekoloji təhlükəsizlik üçün proqressiv amil kimi qiymətləndirilməyə bilər. Çünki sənayenin inkişafı ekoloji problemlər doğurmaq iqtidarındadır. Belə problemlə üzləşməmək üçün ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsi stimullaşdırılmalıdır.

Ekoloji mühitin tənzimlənməsinə yönələn siyasət kompleks həyata keçirilən strategiya olmalıdır.  Ekoloji vəziyyətin normallaşmasına yönələn tədbirlər sistemini aşağıdakı şəkildə vurğulamaq olar:

1) Ekoloji şüurun formalaşması; Bu mərhələ özü 3 formada həyata keçirilməlidir:

a) Ailə (adi səviyyə); b) Sosial mühit( orta səviyyə); c) Dövlət(ali səviyyə)

2)    Ekoloji mədəniyyətin formalaşması

3)    Ekoloji hüquqi bazanın formalaşması

Nailə Məmmədova
Azerbaijan Realities

2014-10-01 / 00:00
Facebook