“Cənub” qaz dəhlizi - dövlət neft strategiyasının yeni mərhələsi

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarının təminatında əsas vasitələrdən biri də beynəlxalq aləmdə neft amili ilə bağlıdır.  Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirilərək zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi. 1994-cü il “Əsrin müqaviləsi” ilə  dövlət neft strategiyasının əsası qoyulmuş, dinamik iqtisadi inkişaf başlanmışdır.

Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Təsadüfi deyildir ki, Respublikamız  “Cənub” qaz dəhlizinin əsas iştirakçısı, əsas təşəbbüskarıdır. “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında təməli reallaşan “Cənub” qaz dəhlizi 20 illik uğurlu strateji inkişafın məntiqi davamı idi.  Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uzunluğundan iki dəfə uzun olacaq 45 milyard dollar dəyərində layihənin ilk mərhələsinin təməli qoyuldu. Layihə milyonlarla istehlakçıya xidmət edəcək və minlərlə iş yerinin açılmasına səbəb olacaq. Bu isə Azərbaycanın artan iqtisadi inkişafının  qarantı rolunu oynayacaq.

“Cənub” qaz dəhlizinin perspektivlərini aşağıdakı kimi sadalamaq mümkündür:

1) Layihə Azərbaycana əlavə dividendlər gətirməklə, ölkə iqtisadiyyatını daha da sürətlə inkişaf etdirəcək;

2)  Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktor olacaq;

3)    Çoxtərəfli  tərəfdaşlığı genişləndirərək beynəlxalq əməkdaşlıq prosesini sürətləndirəcək;

4) Layihənin reallaşması ilə bazarların azad olması və ədalətli qiymətlərin təklif edilməsi baxımından da irəliləyiş müşahidə olunacaq;

5)  Layihə Avropa və Asiyanı birləşdirən sülh körpüsü rolunu oynamaqla, gələcək illər ərzində də davamlı əməkdaşlığı təmin edəcəkdir.

Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. “Cənub” qaz dəhlizi Azərbaycan üçün, həm də Avropa İttifaqı ilə münasibətlər baxımından tarixi hadisədir. Bununla, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq.

Nailə Məmmədova
Azerbaijan Realities

2014-10-01 / 00:00
Facebook