Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məqsədli mövqeyi

Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olması və regionun ən mühüm strateji hissəsində yerləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif maraqlarla çıxış edən aktorların da sayını artırır.

Bu baxımdan Dağlıq Qabarağ münaqişəsində tərəflərdən əlavə 5 əsas aktor özünü göstərir: ABŞ, Rusiya, Avropa Birliyi, İran, Türkiyə. Məhz bu aktorlar öz mənfəətləri və bu istiqamətdəki manevrləri ilə Dağlıq Qarabağ problemi ilə bağlı fərqli həll yolları axtarışındadırlar.

Məlum olduğu kimi, Dağlıq Qarabağ probleminin ən fəal və başlıca aktorlarından biri Rusiyadır. Münaqişənin yaranmasının tarixi səbəbkarı olan Rusiya bu gün onun həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədri rolunda çıxış edir. Xüsusən müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasının Xəzər dənizindəki ehtiyatlarını Avropa bazarları üçün açıq elan etməsi Rusiyanın regionla bağlı məsələlərdə fəallıq göstərməsinə səbəb olmuşdur. Lakin bununla belə, münaqişənin həllində Rusiyanın qeyri-obyektiv davranışının əsas səbəbləri bunlardır:

1) Rusiyanın problemin həllində fəal rol oynaması heç də onun münaqişənin həllinə maraqlı olmasıyla əlaqədar deyil. Sadəcə olaraq Rusiya münaqişə həll ediləcəyi tədqirdə məhz onun liderliyi əsasında həll edilməsini istəyir;

2) Münaqişənin maksimum uzadılmasında əsas məqsədi Dağlıq Qarabağ bölgəsində həm hərbi, həm də siyasi təsirini qoruyub saxlamaqdır;

3) Digər bir səbəb Azərbaycanın Qərbə yönümlü xarici siyasət yeritməsi və NATO ilə əməkdaşlığı inkişaf etdirməsidir. Bu fakt Rusiyanı qıcıqlandıran əsas faktorlardan biridir və Rusiya bu prosesin qarşısını almaq üçün münaqişəni daim aktual vəziyyətdə saxlamağa can atır;

4) Rusiya bunu etməklə Azərbaycanın Avrasiya İttifaqına qatılmağını təmin etməyə çalışır.

Göründüyü kimi, Rusiya hər zamankı siyasətini yürüdərək etnik münaqişələr vasitəsilə bölgəni öz təsirində saxlamağa davam edir.

Ləman Xəlilova
Azerbaijan Realities

2014-09-09 / 00:00
Facebook