Türkiyə Respublikasının Qafqaz siyasəti

Bu gün Azərbaycanın ən yaxın tərəfdaşlarından biri Türkiyə Respublikasıdır. Türkiyə Qafqazın taleyində Rusiya və İranla  birlikdə önəmli rol oynayan 3 əsas region dövlətindən biridir. Türkiyə Avropada, Yaxın və Orta Şərqdə, dünyanın digər əhəmiyyətli bölgələrində əsasən qərbyönlü, NATO ölkələri ilə uyğunlaşdırılmış siyasət yeritsə də, bəzi məsələlərdə öz xüsusi maraqları çərçivəsində hərəkət edir. Xüsusən bu ölkənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz və digər region ölkələri ilə münasibətlərində Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri həm də dini, etnik və regional faktorlar nəzərə alınmaqla həyata keçirilir ki, bu da bəzən onu Qərbli tərəfdaşları ilə üz-üzə qoyur. Lakin bununla belə, Türkiyə artıq keçən əsrin ortalarından Qafqazda təkcə öz maraqlarını deyil, bütün Qərb dünyasının, NATO üzvü olan digər dövlətlərin də birgə mənafeyini qorumaq missiyasını öz üzərinə götürmüşdür.

Dərin tarixi köklərə malik Azərbaycan – Türkiyə əlaqələri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Din, dil, mədəniyyət, adət-ənənə birliyi tarix boyu hər iki dövlətin maddi və mənəvi mədəniyyətinə, qarşılıqlı münasibətlərin inkişafına çox güclü təsir göstərmişdir. Məhz bu amillərə görə Türkiyə Azərbaycanla əlaqələrə çox ciddi əhəmiyyət verir və respublikamızla bağlı Qafqazda cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilir. Bu siyasətin həyata keçirilməsi bir sıra maraqlar əsasında aparılır;

-  NATO blokunun ümumi strateji maraqları;

- Türkiyənin öz milli mənafeləri;

- Dini amillər

- Qafqazda yaşayan türkdilli xalqların dəstəyini qazanmaq

Məhz bu maraqların təmin olunması üçün Türkiyə Qafqaz siyasətində Azərbaycan və Gürcüstanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan Respublikası da həmçinin dünya birliyinə inteqrasiyasında, ölkənin inkişafının sürətləndirilməsində, eləcə də, regional təhlükəsizliyin qorunmasında ona dəstək ola biləcək Türkiyə dövləti ilə əlaqələri yüksək qiymətləndirir.

Ləman Xəlilova
Azerbaijan Realities

2014-09-09 / 00:00
Facebook