Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlətlər içərisində Azərbaycan Respublikasına ən yaxın mövqe nümayiş etdirən dövlət Qazaxıstan Respublikasıdır. Belə ki, Qazaxıstan Respublikası da Azərbaycan Respublikası kimi hesab edir ki, Xəzərin hər bir ölkəyə aid olduğu hissə onun suveren ərazisi kimi qəbul edilməlidir. Bu hissənin ölçüləri isə dövlətlərin sahil xəttinə müvafiq olaraq bölünməlidir.
Qazaxıstan Respublikasının mövqeyinə görə, hər bir sahilyanı dövlət dənizin dibindən və təbii sərvətlərindən öz payına düşən hissədə müstəsna səlahiyyət çərçivəsində istifadə etmək hüququ əldə etməlidir. BMT-nin 1982-ci ildə qəbul etdiyi “Dəniz hüquqları haqqında” Konvensiyanın “bərabər məsafə metodu”nu əsas tutan Qazaxıstan Xəzərin xüsusiyyətlərini nəzərə almaqla bu problemin həll edilməsi təklifi ilə çıxış edir.
Xəzəryanı dövlətlərin Aşqabad zirvə görüşündə (24 aprel 2002-ci il) Nursultan Nazarbayev öz ölkəsinin mövqeyini bir daha açıqlayaraq bildirmişdir: “Biz razılaşdırılmış sahilyanı balıq ovu zonalarını müəyyənləşdirməyi, lakin dənizin dibinin milli sektorlara bölməyi, qalan hissəni isə ümumi istifadədə saxlamağı təklif edirik. Bizim mövqeyimiz sahilyanı dövlətlərin mineral ehtiyatlara olan hüquqlarına dəqiq hədd qoymağa imkan verir ki, bu da öz növbəsində regionumuzda investisiya şəraitinə səmərəli təsir göstərəcəkdir”.
Qeyd edək ki, 2001-ci ilin yayında İran hərbi dəniz qüvvələrinin dənizdə ərazi sularımıza daxil olması, bunun ardınca İranın hərbi hava qüvvələrinə məxsus hərbi təyyarələrinin hava sərhədlərimizi pozaraq təxminən Salyana qədər irəliləməsi Qazaxıstan tərəfindən mənfi hal kimi qarşılanmışdı. Bu baxımdan Qazaxıstan XİN-in verdiyi bəyanatda deyilirdi: “Qazaxıstan belə hesab edir ki, BMT-nin üzvü kimi sahilyanı dövlətlər Xəzərdə fəaliyyət göstərərkən ilk növbədə BMT-nin nizamnaməsinin başlıca prinsiplərini – zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipini rəhbər tutmalıdırlar”.
Lakin bir məsələdə Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyindən fərqlənir ki, o da enerji layihələrinə Rusiyanı yaxından cəlb edir və bütün fəaliyyətini müəyyən mənada bu dövlətlə razılaşdırır.
Ləman Xəlilova
“Azerbaijan Realities”