Bu gün çox güclü erməni lobbisi və diasporunun təbliğat maşınının daim işlək vəziyyətdə olduğu Fransanın Azərbaycanla bağlı, xüsusən də Dağlıq Qarabağla bağlı mövqeyində erməni lobbisinin təsiri özünü kəskin şəkildə biruzə verir.
Amma bununla belə, Fransa Respublikası Prezidenti Fransua Ollandın 2014-cü il mayın 12-də Cənubi Qafqaza etdiyi rəsmi səfərinə Azərbaycandan başlaması faktı erməni lobbisinin güclü təsir mexanizminin olmasına baxmayaraq, artıq regionun ən güclü dövləti olan Azərbaycanın da özünü dünya dövlətlərinə müsbət mənada tanıtmasından və xarici siyasətində qərəzsiz, düşünülmüş və şəffaf istiqamət seçməsindən xəbər verir. Həmçinin Azərbaycan Fransanın Cənubi Qafqaz ölkələri içərisində iqtisadi cəhətdən ən sıx münasibət qurduğu ölkə olması da səfərin Azərbaycandan başlaması üçün məntiqli səbəb hesab oluna bilər.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Rusiya keçmiş sovet respublikalarını özündən asılı vəziyyətdə saxlamaq üçün onların ərazisində etnik münaqişələrin daimi olması üçün əlindən gələni edir. Elə münaqişələrin yaranma səbəblərinin də tarixi kökü göstərir ki, bu işdə Rusiyanın fəaliyyəti danılmazdır. Bu məsələyə həmçinin Fransanın “Le Monde” qəzetində nəşr edilən məqalədə də münasibət bildirilmişdir.
Həmin məqalədə Fransa Prezidentinin Cənubi Qafqaza rəsmi səfəri ilə bağlı deyilirdi: “Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfəri təsadüfi deyil. Belə ki, Fransa prezidenti Ukrayna münaqişəsi fonunda mayın 11-13-də üç keçmiş Sovet respublikası olan Azərbaycan, Gürcüstan və Ermənistana səfər etdi. F.Ollandın bu ölkələrə səfəri bölgədə mövcud olan dondurulmuş münaqişələrin birbaşa həlli ilə bağlı deyil. Prezidentin səfəri ilə rəsmi Paris keçmiş Sovet respublikalarına təzyiqlərini artırmağa davam edən Kremlə mesaj verdi".
“Le Monde”nin yazdığına görə, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycan və Ermənistana təsir gücünü artırmağa çalışır. Bu səbəbdən Kreml Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı şəraitin yaradılmasına imkan vermir. Buna görə də mütəxəssislər hesab edir ki, Fransua Olland bu addımı ilə Kremlə mesaj verdi ki, Fransa Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı planlarının hər birinin qarşısında olacaq.
Məlum olduğu kimi, Ukrayna hadisələri baş verdikdən sonra mütəxəssisləri düşündürən əsas məsələ Rusiyanın bundan sonra Qafqazla bağlı planları idi. Çünki Rusiyanın Şimalı Qafqazda qüvvələrini artırması, hərbi təlimlərin keçirilməsi, Xəzər dənizindəki hərbi donanmasını modernləşdirməsi, həmçinin Dağlıq Qarabağ probleminin həllini qəsdən gecikdirməsi və Gümrüdəki hərbi bazasını yeni silahlarla təchiz etməsi Ukrayna hadisələrinə oxşar hadisələrin 3 Cənubi Qafqaz ölkəsinə də tətbiqini istisna etmir.
Eyni zamanda Cənubi Qafqaz ölkələri içərisində Gürcüstanın yaxın vaxtlarda Avropa Birliyi ilə Assosiasiya sazişini imzalama istəyi və Azərbaycanın Avrointeqrasiya siyasəti, eləcə də Avropa ölkələri ilə enerji layihələrinin həyata keçirilməsi, nüfuzlu Qərb şirkətlərinin ölkəmizdə təmsil olunması və Avropa İttifaqının Azərbaycana alternativ enerji mənbəyi kimi baxması Rusiyanın Cənubi Qafqazla bağlı narahatçılığının artmasına gətirib çıxarır.
Fransa prezidenti Fransua Olland Azərbaycana sərəfindən sonra mətbuata verdiyi bəyanatda da qeyd etdi ki, səfərin əsas məqsədi Ukraynadakı vəziyyətin Cənubi Qafqaz ölkələri arasında da reallaşmasına mane olmaqdır: “Biz bu haqda söhbət apardıq ki, Siz də Fransanın, Avropanın bu məsələ ilə bağlı mövqeyinə əmin olasınız, ölkələrin ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz. Beləliklə, uzun müddət çəkən münaqişələrin həllinə nail olmaq üçün dialoqa açıqlığın vacibliyini qeyd edirik. Mənim Qafqaza, bu gün Azərbaycana səfərimin də məqsədi məhz bundan ibarətdir. Fransa münaqişənin mərhələli şəkildə həllinin tapılmasında yardım etməyə hazırdır. Siz burada müəyyən elementləri təsvir etdiniz. Hər iki tərəfdən etimad doğuran tədbirlərin görülməsi vacibdir. Sonra isə uyğun statusun tapılması üçün müvafiq vaxt ayrılmalıdır.”
Bütün bunlarla yanaşı qeyd edək ki, Azərbaycan-Fransa münasibətləri təbii ki, yalnız münaqişənin həlli istiqamətində aparılmır. Siyasi, iqtisadi, enerji, elmi-mədəni, humanitar və digər sahələrdə aparılan əməkdaşlıq da görüş çərçivəsində müzakirə olunmuş və aşağıdakı müqavilələrə imza atılmışdır:
1) “Azərbaycan Respublikası Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyanatı”
2) “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq Sazişi”
3) “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”
4) “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu”
5) “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”
6) “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında İnzibati Anlaşma”
7) “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində Niyyət Məktubu”
Göründüyü kimi, Azərbaycanın mühüm tərəfdaşı olan Fransa Respublikası ilə əlaqələrin əsas istiqaməti enerji sahəsində olsa da, ikitərəfli əməkdaşlıq həmçinin biznes forumu çərçivəsində, nəqliyyat sahəsində, mədəniyyət və təhsil sahəsində də davam etdirilir.
Ləman Xəlilova
“Azerbaijan Realities”