Qloballaşma ölkələr arasındakı sərhədləri daha çox şərti edir. Belə vəziyyət isə Şərqlə Qərb arasında ən səmərəli körpü rolunu oynayan Azərbaycan Respublikasını beynəlxalq ictimaiyyət üçün daha cəlbedici etmişdir. Azərbaycan Respublikası da öz növbəsində müasir beynəlxalq münasibətlər sistemindəki zəruri rolundan və yerindən istifadə edərək öz milli maraqlarının səmərəli təmin olunması istiqamətində çalışır. Əksər dünya dövlətləri kimi Azərbaycan da yeni dünya düzəni siyasətinə onsuz da cəlb olunmuşdur. Azərbaycan beynəlxalq təşkilatların üzvü kimi vahid dünya ailəsi şəklində yaşam tərzinə adaptasiya olunur. Bu prosesin bütün dünya ölkələrində getməsi onları tədricən yeni dünya nizamına hazırlamaq xarakteri daşıyır. Bu yanaşma tədricən Avropanın sərhədlərini aşır.
Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövlətli statusunu qoruyub saxlayır. Azərbaycan özünün bütün imkanlarından istifadə etməklə müasir beynəlxalq təhlükəsizlik sistemində fəal iştirak edir, mövcud və müasir dövrün reallıqlarının təsiri altında meydana gələn yeni təhdidlərin nəzarətdə saxlanılması, aradan qaldırılması, həmçinin dövlətin milli maraqlarının qorunması istiqamətində ciddi fəaliyyəti həyata keçirməkdədir.
Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığının qurulmasına və inkişafına əlverişli zəmin yaradır. Beləliklə, Azərbaycan Respublikasının geosiyasi maraqları onun bütün sahələrdə öz milli dövlətinin qurulması və bu istiqamətdə məqsədlərə nail olmaq kimi iqtisadi-siyasi mədəni yükəslişinin əsas amilidir.
Nailə Məmmədova
Azerbaijan Realities