İqtisadi tərəqqi

Bu gün Azərbaycan maliyyə imkanlarının artması fonunda həm özünün xarici borcunun strukturuna diqqəti gücləndirərək ümumdünya borc bazarında ən qənaətbəxş nəticəni qoruyub saxlayır, eyni zamanda, Avropa-Asiya şəbəkəsində 10-dan artıq ölkəni kreditləşdirir. Korrupsiyaya qarşı  mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin davam etdirilməsi, dövlət orqanalrının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi məqsədilə davamlı addımlar atılıb. Bu sahədə görülən işlər iqtisadi və sosial sahədə inkişaf meyillərinin sürətlənməsinə, islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və onların sosial rifahının yeksəlməsinə, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub.

Hal-hazırda Azərbaycan regionda lider ölkə kimi iqtisadiyyatın böyük maliyyə axınları şəraitində idarəolunmasının ən mükəmməl texnologiyalarının tətbiqinə hazırlaşır, yeni sosial və iqtisadi ssenarilərin interaktiv mənzərəsini hazırlayır. Respublikamızın 2014-2020-ci illərə dair inkişaf xəritəsi çox zəngin olmaqla makroekeonomik proqnozların inandırıcılığına və optimistliyə söykənir.

Dünya Bankının bölmə direktoru Penelope Bruk Azərbaycanın iqtisadi inkişafı ilə bağlı bu fikirləri söyləmişdir: “Azərbaycanın son illərdə həyata keçirdiyi islahatların əhəmiyyəti böyükdür. Ölkədə, ümumilikdə Şərqi Avropa və Mərkəzi Asiya regionları ilə müqayisədə islahatlar daha sürətlə və əhatəli aparılıb. Azərbaycan tənzimləyici islahatların əhatə dairəsi, miqyası və struktur dəyişiklikləri baxımından ən aparıcı ölkə olub. Bir sıra dövlətlər növbəti illərdə biznesin tənzimlənməsi və investisiya mühiti ilə bağlı islahatları davam etdirərkən Azərbaycanın təcrübəsini nəzərə almalıdır”.

Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna daxil olub. "Fitch Ratings", "Standard & Moodys" kimi beynəlxalq reytinq agentliklərinin tədqiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda bildirilir ki, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

Nailə Məmmədova

Azerbaijan Realities

2014-08-25 / 00:00
Facebook