Bu gün yeni dünya nizamının aparıcı üzvü olan Azərbaycan üçün ən ağır problem məhz tarixi qədim dövrlərə dayanan, faktiki isə 20 ildən artıq bir dövrdür ki, dövlətlərarası əhəmiyyət kəsb edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasıdır. Təəssüfedici bir haldır ki, münaqişənin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına, digər beynəlxalq təşkilat və institutların Azərbaycanın ərazi bütövlüyünün tanıması, münaqişənin həlli ilə bağlı tutduğu ədalətli mövqeyə baxmayaraq vəziyyət dəyişməyib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səyləri münaqişənin nizamlanmasında nəinki əsaslı dəyişikliklərə, hətta obyektiv nəticəyə də səbəb olmayıb . Çox vaxt paradoksal çıxışları ilə yadda qalan həmsədrlərin bəyanatları beynəlxalq hüquqa dayanmır. Belə olan halda münaqişənin ədalətli həllinə olan ümidlər də azalır və müharibə təhlükəsi istisna olunmur.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda çevik addımlar atsa da, Ermənistanın obyektivsizliyi, destruktiv yanaşma tərzi hər hansı bir razılığın əldə olunmasını mümkünsüz edir. Münaqişənin həlli istiqamətində hər hansı bir razılaşmaya nail olunmaması ilə yanaşı vaxtaşırı Ermənistan silahlı qüvvəlləri tərəfindən pozulan atəşkəs rejimi də erməni mövqeyi ilə bağlı müəmmalı cəhətləri ehtiva edir. Maraqlıdır ki, ölkə əhalisinin kütləvi şəkildə axının müşayiət olunduğu, aclıq və səfalət içində boğulan ölkə üçün münaqişənin həllinə nail olunması daha uğurlu bir seçim olardı. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, münaqişənin həlli mümkünləşərsə regionda reallaşan layihələrə Ermənistan da cəlb olunmaqla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşdırmasını mümkünləşdirə bilər. Lakin Ermənistan kimin, yaxud kimlərinsə dəstəyinə güvənməklə qərəzli mövqeyindən əl çəkmir. Son zamanlar isə xüsusilə intensivləşən silahlı atışmalar Emənistanla münaqişə ilə bağlı hər hansı danışığın, razılığın əldə olunması mümkünlüyünü sual altına salır. Maraqlıdır ki, uçuruma düçar olmuş, ölkədaxili siyasi və iqtisadi böhranın yaşandığı bir zamanda cəbhə xəttində baş verən erməni təxribatı münaqişənin saxlanılmasında bəzi qüvvələrin maraqlı olduğu həqiqətini qəbul etmək üçün imkan yaradır. Lakin bununla belə Azərbaycanın öz igid oğullarının canı, qanı hesabına apardığı mübarizə bir daha sübut edir ki, Respublikamız döyüş əhval-ruhiyyəsinə, müharibə reallığına hər zaman hazırdır. Bunu Azərbaycanın cəsur döyüşçülərinin düşməni susdurması, hərbi manevrləri bir daha isbat etdi. Təxribat Ermənistan mövqeyinin destruktivliyini açıq şəkildə dünya birliyinə yenidən nümayiş etdirdi. Azərbaycanın inamlı mübarizəsi, girov götürülmüş erməni əsiri ilə humanist münasibəti, eyni zamanda erməni tərəfinin xeyli sayda itki verməsi isə Azərbaycan reallığını beynəlxalq birliyə bir daha tanıtdı. Azərbaycanın mövqeyi : müharibənin təkrarlanmaması, qan tökülməməsi olsa da, zəruri şərait müharibə alternativini də inkar etmir.
Bu bizim birtərəfli və qətiyyətli mövqeyimizdir!
Nailə Məmmədova
Azerbaijan Realities