Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallıq göstərən mühüm aktor ATƏT-in həmsədrlərindən biri, hazırda dünyada superdövlət səviyyəsinə yüksəlmiş Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın Dağlıq Qarabağ məsələsinə münasibəti hər zaman Rusiya ilə münasibətlərinə uzlaşdırılmış şəkildə cərəyan edir. Xüsusilə Xəzər dənizi ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində Rusiya ilə daim rəqabətdə olan ABŞ üçün əsas əngəl Dağlıq Qarabağ məsələsi hesab olunur. Regionda enerji qaynaqlarının işlənməsində birinciliyi əldə saxlamaq naminə ABŞ regional, eləcə də digər aktorların təsirini azaltmağa çalışır. Burada da əsas hədəf təbii ki, Rusiyadır. Digər tərəfdən Bill Klinton dövründə bölgədə yaranan etnik münaqişələrə qarışmayan ABŞ 2001 – ci il 11 sentyabr hadisəsindən sonra münaqişənin həlli istiqamətində aparıcı aktorlardan birinə çevrilmişdir. Bu da respublikamızın rəhbərliyi tərəfindən düşünülmüş diplomatik addımların atılması və beynəlxalq terrorizmlə mübarizəyə dəstək olması nəticəsində mümkün olmuşdur.
Ümumilikdə ABŞ – ın Dağlıq Qarabağla əlaqədar mövqeyi aşağıdakı kimi xarakterizə olunur:
1) Problemin mərhələli həllinin dəstəklənməsi;
2) Problemin həllində çoxtərəflilik prinsipi;
3) İran İslam Respublikasını problemdən mümkün qədər uzaq tutmaq;
4) Bölgədə demokratiyanı gücləndirmək.
Bu gün Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlsə də, ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi addımlar atmamağının da bir sıra səbəbləri var:
1) ABŞ dünyanın digər güclü dövləti olan Rusiyanı bölgədən mümkün qədər uzaq tutmağa çalışsa da, bu məsələdə onunla kəskin qarşıdurma yaratmağa meylli deyil. Çünki Dağlıq Qarabağ məsələsi hələ ki, ABŞ-ın həyati maraqları səviyyəsinə yüksəlməmişdir;
2) Amerikadakı erməni lobbisi Dağlıq Qarabağ məsələsində ABŞ siyasətinə təsir göstərəcək səviyyədədir;
3) Digər bir səbəb, ABŞ-ın ziddiyət yaradan mənafelər arasında qalmasıdır. Belə ki, bir tərəfdən erməni lobbisinin təsiri ilə Ermənistanla əməkdaşlığı inkişaf etdirən ABŞ, digər tərəfdən Azərbaycan neftinin çıxarılması və daşınmasında pay sahibi olmağa can atır.
Son dövrlərdə ABŞ-ın bu məsələdə Azərbaycanı dəstəklədiyi göz qabağındadır. Lakin erməni lobbisinin təsirinin güclü olduğu həmsədr ölkələrinin münaqişə ilə bağlı cəhdlərinin uğursuzluqla nəticələnməsi göstərir ki, Azərbaycan diplomatiyası bununla əlaqədar daha fəal iş görməlidir.
Ləman Xəlilova
“Azerbaijan Realities”