Hər bir milli dövlətin təhlükəsizliyi regional və qlobal təhlükəsizliklə bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirən əsas amillərdən biri milli təhlükəsizlik sisteminin yaradılmasıdır. Milli təhlükəsizlik sisteminin yaradılması aşağıdakı şərtlərdən irəli gəlir:
- Azərbaycan zəngin enerji resurslarına, əlverişli təbii iqlimə, sərvətli torpağa malikdir;
- İqtisadi inteqrasiyanın tələblərinə cavab verən daxili bazar, əmək ehtiyatları, sosial infrastruktur mövcuddur;
- əlverişli coğrafi mövqeyə malikdir.
Azərbaycan Respublikası milli təhlükəsizliyinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, qüvvədə olan qanun və normativ aktlar, habelə Azərbaycan Respublikası tərəfindən tanınmış beynəlxalq sənədlər təşkil edir. Azərbaycan Respublikası da başda Birləşmiş Millətlər Təşkilatı olmaqla, beynəlxalq və regional təşkilatların hər biri ilə ayrı-ayrılıqda yaxından əməkdaşlıq etməklə beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Müstəqil Azərbaycan özünün bütün imkanlarından istifadə etməklə müasir beynəlxalq təhlükəsizlik sistemində fəal iştirak edir, mövcud və müasir dövrün reallıqlarının təsiri alrında meydana gələn yeni təhdidlərin nəzarətdə saxlanılması, aradan qaldırılması, həmçinin dövlətin milli maraqlarının qorunması istiqamətində ciddi fəaliyyəti həyata keçirməkdədir.
Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı fəaliyyətini öz milli maraqlarına və milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılmasına istiqamətlənmiş fəaliyyət ilə dəqiqliklə uzlaşdırmağa çalışır. Hazırda ölkəmizin qarşısında duran əsas problem ərazi bütövlüyünün bərpası ilə bağlıdır.
Müasir Azərbaycan dövlətinin milli maraqlarının qorunması, xarici və daxili siyasətin yeridilməsi, eləcə də dünya dövlətlərinin kəsişən və toqquşan maraqlarının düzgün qiymətləndirilməsi məhz milli təhlükəsizlik sisteminin fəaliyyətindən çox asılıdır. Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanda regionda olan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir.
Nailə Məmmədova
Azerbaijan Realities