Şərqlə Qərb arasında körpü rolunu oynayan, bəşəriyyətin ilkin mədəniyyət mərkəzlərindən biri hesab olunan Azərbaycan tolerantlıq ənənələrinin, sivilizasiyalararası dialoqun qorunub saxlanıldığı məkan kimi tanınır. Xüsusilə son illər ölkəmizdə təşkil olunan beynəlxalq musiqi və incəsənət festivalları, konfrans və sərgilər mədəniyyətlərərarası dəyişməyə səbəb olur. Beynəlxalq miqyaslı belə tədbirlərdən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın ən gözəl guşələrindən olan Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalıdır. 2009-cu ildən Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tariximizdə yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.
Artıq ənənə halını alan festival beynəlxalq arenada da böyük marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu festival ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə dərəcədə böyük önəm verildiyinin bariz göstəricisidir. Azərbaycan Qəbələ Musiqi Festivalı ilə mədəniyyətlərarası dialoqun təşkilində aparıcı qüvvə kimi çıxış edir. Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin, milli musiqinin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin müəlliflərinin əsərlərinin, eyni zamanda Azərbaycanda həyata keçirilən uğurlu mədəni, sosial-iqtisadi siyasətin dünyaya tanıdılmasında mühüm rola malikdir. Belə ki, ölkəmiz barədə kifayət qədər, yaxud düzgün informasiyaya malik olmayan xarici ölkə vətəndaşları, mədəniyyət xadimləri Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə tamamilə yeni və zəngin təəssüratlara sahib olurlar. Həmçinin festival iştirakçıları, dinləyiciləri birbaşa ölkəmizdə gedən inkişafla tanış olmaq və bu uğurları dəyərləndirmək imkanı qazanırlar.
Festivalın dünya mədəni irsinin qorunub saxlanılmasına və zənginləşməsinə verdiyi töhfələr əvəzolunmazdır. Bu, bir daha sübut edir ki, Azərbaycan Qərblə Şərqi yaxınlaşdırmaqla mədəniyyətlərarası dialoqa töhfə verir.
Nailə Məmmədova
Azerbaijan Realities