Dağlıq Qarabağ məsələsinin həllində “məxfi” sənədin əsas məqamları

Bu günə qədər öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda təhlükə mənbəyi olmaqla yanaşı həmçinin beynəlxalq aləmi də maraqlandıran məsələlərdən biri olmuşdur. Lakin bununla belə, Azərbaycan Respublikasının apardığı fəal xarici siyasət nəticəsində bir sıra beynəlxalq təşkilatların münaqişənin həllinə cəlb olunması gözlənilən nəticəni verməmişdir.

Məlum olduğu kimi, münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu münaqişə ilə bağlı ən fəal aktor hesab olunur. Lakin bu istiqamətdə ATƏT-in fəaliyyətinə qısa nəzər yetirsək görərik ki, istər Budapeşt sammitində (5-6 dekabr 1994-cü il), istərsə də Lissabon sammitində (2-3 dekabr 1996-cı il) qəbul olunan qərarlar yerinə yetirilməmişdir. Bununla yanaşı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təkliflər də (“Step by Step”, “Package Deal”, “Commonwealth”) etibarsız olmuşdur.

2004 – cü ildən etibarən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada baş tutmuş görüşü ilə münaqişənin həllində yeni mərhələ başlamışdır. ATƏT-ə görə Praqa prosesləri nəticəsində iki əsas irəliləyiş əldə olunmuşdur:

1) Hər iki tərəfin fikir və mövqeyinin açıq şəkildə bəyan edilməsi;

2) Məsələnin həllinin mərhələli olaraq təyin olunması və müqavilədə hər iki tərəf üçün vacib olan şərtlərin müəyyənləşdirilməsi.

Praqa müddəti nəticəsində 2007 – ci ildə qəbul edilən üç səhifədən və 14-15 bənddən ibarət “Təməl prinsiplər haqqında sənəd”in ( Madrid prinsipləri ) məxfi olmasına baxmayaraq, onun əsas məqamları aşağıdakılardır:

1) Erməni qoşunlarının altı rayondan bütövlüklə və bir rayondan qismən çıxarılması, o cümlədən Kəlbəcər rayonundan qoşunların mərhələ-mərhələ çıxarılması, Laçın rayonu ilə bağlı xüsusi planın tətbiq edilməsi;

2) 10.000 nəfərlik beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağla işğal edilmiş rayonların arasında, xüsusilə də Kəlbəcər rayonunda yerləşdirilməsi;

3)  Dağlıq Qarabağa “müvəqqəti beynəlxalq statusun” verilməsi. Bu status Dağlıq Qarabağın seçilmiş rəsmilərinə daha geniş legitimlik verməlidir, vətəndaşlarına isə dünyaya çıxışı təmin etməlidir, lakin Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutmur;

4)  Dağlıq Qarabağın gələcəyini müəyyən etmək üçün gələcəkdə qeyri-müəyyən tarixdə (təfsilatları hələ dəqiqləşdirilməmiş qalan) referendumun keçirilməsi.

Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Britaniyalı jurnalist Tomas de Vaal bildirir ki, sənəddə erməni tərəfinin razılığına mane olan əsas məqam Ermənistanı Dağlıq Qarabağla şosse yolu ilə birləşdirən Laçın rayonunun statusudur, ermənilər bu rayona iki ərazini bir-birinə bağlayan “həyati əhəmiyyətli xətt” kimi baxırlar. Daha geniş mənada, erməni tərəfi onun Dağlıq Qarabağı müdafiə etmək imkanlarını zəiflədəcək beynəlxalq “təhlükəsizlik zəmanətlərinə” ehtiyatla yanaşır. Azərbaycan tərəfini narahat edən əsas məsələ isə Dağlıq Qarabağın statusu haqqında gələcəkdə keçiriləcək referendumun məğzidir.
Təəssüf ki, sənədin qəbulundan sonra da xarici işlər nazirlərinin, ölkə prezidentlərinin bir neçə dəfə görüşlər keçirməsi münaqişənin həllində irəliləyişə kömək etsə də, yekun razılığa gəlinməmişdir.

2014-08-06 / 00:00
Facebook