Bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir.
İlham ƏLİYEV
2004-cü ilin mayından – yarandığı gündən bəri Azərbaycan xalqının mədəniyyətinə, elm və təhsilinə, səhiyyə və sosial həyatına möhtəşəm bir şəkildə qayğı göstərən, heç zaman unudulmayacaq xeyriyyəçilik tədbirləri ilə milli tariximizə yazılan Heydər Əliyev Fondunun hərtərəfli fəaliyyəti son aylar daha çox nəzərə çarpır və dünya ictimaiyyətinin diqqətini çəkir. Fondun cari ilin may-iyun- iyul aylarında reallaşdırdığı tədbirlər silsiləsi isə Avropa mətbuatı tərəfindən daha çox işıqlandırılır. Doğrudur, həmin tədbirlər silsiləsində ən böyük layihə Fransanın Kann şəhərində reallaşdırılan - gələn il ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının Təqdimat mərasimi idi. Ancaq o barədə danışmazdan əvvəl hələ may ayında, yenə də Avropada reallaşdırılmış başqa bir tədbir haqqında qısa da olsa söz açmaq istəyirik. Çünki bu iki tədbir əslində bir-birini tamamlayan layihələrdən ibarət idi.
Yəqin ki, hörmətli oxucuların yadındadır. Bu il may ayının 28-də Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, eləcə də ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri“ layihəsi çərçivəsində təşkil olunan sərginin açılış mərasimi olmuşdu. Tədbirdə qeyd edilmişdi ki, demokratik yol tutan Azərbaycanın 2001-ci il yanvar ayının 25-də Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsi bizim üçün nə qədər əlamətdar hadisə idisə, ölkəmizin bu qurumun Nazirlər Komitəsinə sədrlik etməsi də o qədər uğurlu faktlardan biridir. O da vurğulanmışdı ki, son illər Azərbaycanın geostrateji mövqelərini möhkəmləndirərək beynəlxalq aləmdə öz layiqli yerini tutması Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olmuşdur.
Tədbirdə xatırladılmışdı ki, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri“ sərgisi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişdir. Bu sərgi hələ 2012-ci ilin sonlarından etibarən Fransanın müxtəlif regionlarında təşkil olunmuş, avropalıların Azərbaycan barədə daha ətraflı məlumat almalarına və təsəvvürlərinin zənginləşməsinə imkan vermişdir. Sərginin Avropa Şurasında təşkil olunmasının ölkəmiz üçün xüsusi əhəmiyyəti ondan ibarət idi ki, bu tədbir Azərbaycan mədəniyyətinin dünyada tanıtdırmaq sahəsində mühüm rol oynayırdı. Sərgidə nümayiş etdirilən mədəniyyət nümunələri həm də öz növbəsində ölkədə yaşayan etnik qrupların mədəni inkişafını göstərirdi. Bütün bunlar özlüyündə Azərbaycan tarixini və mədəniyyətini təşkil edir. Azərbaycanın mədəni irsi müxtəlifdir və rəngarəngdir. Onun mədəni dəyərləri heç bir ölkə ilə müqayisə edilə bilməz. İçərişəhər Tarix-Memarlıq kompleksinin arxitekturası, Qobustan və Atəşgah kimi abidələri, Qəbələ arxeoloji qazıntıları dünyanın ən qiymətli mədəni irsləridir. Avropada nümayiş etdirilən sərgi ölkəmiz barədə deyilənlərin bariz nümunəsi idi. 2015-ci ilin yayına planlaşdırılan Birinci Avropa Oyunları məhz belə bir ölkədə keçiriləcək. Elə Heydər Əliyev Fondu da Avropada həmin oyunların təqdimatından əvvəl ölkəmizin və xalqımızın mədəni həyatını özündə əks etdirən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri“ adlı sərgini məhz bu həqiqətləri ortaya qoymaq məqsədilə təşkil etmişdi.
İndi isə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində - iyulun 9-da təşkil olunmuş “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı barədə söz açaq. Avropa mətbuatı yazır ki, Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner və posterlərlə bəzədilmişdir. Bununla da şəhər əhalisi və burada istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılmışdır. Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə etmişlər.
“Bakı Avropa Oyunları–2015”in təntənəli təqdimat mərasiminin açılışında Azərbaycanın tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verilmişdir. Bildirilmişdir ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdəki çıxışında qeyd etmişdir ki, Kann şəhərinin Fəxri vətəndaşı olmaq mənim üçün çox şərəflidir və mən bu fürsətdən istifadə edərək bu gözəl şəhərə, onun bütün sakinlərinə öz hörmətimi çatdırıram. Natiq qeyd etmişdir ki, bugünkü görüşümüz Azərbaycanın tarixində çox əlamətdar hadisəyə - 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb. Məhz bu tarixi qərara görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və prezidentinə dərin minnətdarlığımı bildirirəm.
Mehriban xanım Avropa Olimpiya Komitəsinin Azərbaycana göstərdiyi inam və etimada görə qurum rəhbərliyinə minnətdarlığını bildirıəndən sonra demişdir: “ Baxmayaraq ki, Olimpiya hərəkatı Avropada meydana gəlib və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib. Belə oyunları - tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir.
Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanmışlar və Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar”.
Heydər Əliyev siyasi kursunun başdan-başa inkişaf etdirdiyi Azərbaycanın hərtərəfli tərəqqisindən söz açan Mehriban xanım Əliyeva məlumat vermişdir ki, ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır. Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Ötən ay bədii gimnastika üzrə Bakıda keçirilən Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilmişdir.
Fond prezidentinin fikrincə, məhz bütün bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud idman infrastrukturunu, dövlət tərəfindən idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin hərtərəfli və sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu Oyunları Azərbaycanda keçirməyə qərar vermişdir. Bu oyunların əhəmiyyətindən söz açan fond prezidenti vurğulamışdır ki, Bakıda keçiriləcək Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcəkdir. Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və Təşkilat Komitəsi səylə çalışır. Biz beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq qurmuşuq. Biz çoxsaylı könüllülərin dəstəyindən istifadə edirik və bütün lazımi işlər həyata keçirilir. Mən ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcəkdir.
Mehriban xanım eyni zamanda onu da xatırlatmışdır ki, Birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olan avropalılar həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərq ilə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola biləcəklər. Görəcəklər ki, Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayıb, birgə fəaliyyət göstəriblər. Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq.
Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Azərbaycan – Fransa dostluq və tərəfdaşlıq münasibətlərini də yüksək qiymətləndirərək bu ənənənin yaşayacağına əminlik ifadə edib: “Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə qalxıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif şəhərlərində keçirilir. Bir il bundan əvvəl, yəqin ki, siz xatırlayırsınız, Kannda çox böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. Azərbaycanın və Fransanın şəhərləri arasında qardaşlaşmaya dair sazişlər imzalanır və mən ümidvaram ki, gələcəkdə Kann ilə Azərbaycanın şəhərlərindən biri arasında bu ənənə davam etdiriləcəkdir”.
Azərbaycan həqiqətləri barədə söylənilənləri Mehriban xanım Əliyevanın dilindən eşitmək məmnunluq gətirirdisə , bu həqiqətlərin avropalı rəsminin dilindən səsləndirilməsi artıq qürur mənbəyimizə çevrilirdi. Belə ki, adı çəkilən tədbirdə Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandıraraq əminliklə demişdir ki, Bakı Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəkdir.
Zaman bizi respublikamıza və xalqımıza böyük üz ağlığı gətirəcək həmin tarixi hadisəyə günbəgün yaxınlaşdırır. Artıq ilk Avropa Oyunlarının keçirilməsinə bir ildən də az vaxt qalır. Ötən dövrdə görülmüş işlər, Avropa Oyunları ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi olduqca ədalətli və obyektiv addım idi. Bu oyunlara hazırlıq səviyyəsinin Avropada təbliğ olunması isə Heydər Əliyev Fondu tərəfindən dövlət siyasətimizin icrasına verilən mühüm töhfə kimi qiymətləndirilməlidir.
Araz QƏDİMƏLİYEV
hüquq üzrə fəlsəfə doktoru,
“Azerbaijan Realities” analitik təhlil qrupunun fəalı