Azərbaycan-Yunanıstan əməkdaşlığı çox geniş xarakter daşıyır. Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində yaradılıb. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü il mayın 27-də, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb. Vaxtaşırı Prezident və nazirlər səviyyəsində reallaşan görüş və səfərlər dövlətlər arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə imkan yaratmışdır. Prezident İlham Əliyevin 15 iyun 2014-cü il tarixində Yunanıstana dövlət səfəri bu əlaqələrin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi.
Azərbaycan-Yunanıstan əlaqələrinin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəməri dövlətlərarası iqtisadi əməkdaşlığı dərinləşdirir. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə inşa edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını qeyd edən Yunanıstan dövlətinin başçısı Karolos Papulyas bunu müsbət hal kimi dəyərləndirmişdir.
Səfər çərçivəsində dövlətlər arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənəd imzalanmışdır: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu. Bununla da enerji sahəsində yaxşı təşkil olunmuş əməkdaşlıqdan başqa bütün sahələrdə - siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrimizi dərinləşdirmək üçün böyük potensialın mövcudluğu təsdiqlənmişdir. Bir sözlə, səfər dövlətlərarası əlaqələrin strateji tərəfdaşlığa doğru genişləndiyini sübut etmişdir. Bu əlaqələrin gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.
Nailə Məmmədova
“Azerbaijan Realities”