1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu qərarla müsəlman Şərqində ilk demokratik hökumətin ordu quruculuğunun əsası qoyuldu. Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra milli ordu ləğv edildi. Sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası Ali Sovetin rəyi əsasında Milli Ordunun yaradılması haqqında 1991-ci il 9 oktyabr tarixli qərar qəbul etdi. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və potensialını, həm də modernləşdiyini nümayiş etdirir. Bu paradlar bir daha sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri qüdrətlənmiş və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilmişdir.
Nailə Məmmədova
“Azerbaijan Realities”