Azərbaycanın xarici siyasətində Fransa ilə əməkdaşlığa xüsusi prioritet verilməsinin səbəbləri

Kommunist ideologiyası və onun dünyadakı dayağı - SSRİ-nin iflası nəticəsində müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin etibarlı təminatı üçün düzgün xarici siyasət kursunun müəyyənləşdirilməsi mühüm əhəmiyyətli məsələ idi. Bu reallığa əsaslanaraq respublikamızın xarici siyasətinin strateji yönümlərinin təyinatında Fransa dövlətinə xüsusi prioritet verilməsi təsadüfi siyasi gediş sayılmamalıdır.

1) Fransa dünyanın güclü siyasi, iqtisadi, hərbi və mədəni potensiala malik dövləti olaraq Ümumavropa təhlükəsizliyi sisteminin formalaşmasında və “Yeni Avropa” birgəyaşayış qaydalarının yaranmasında müstəsna mövqeyə malikdir;

2) Fransa “Böyük yeddilər”-in,  BMT-nin yaradıcı və Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir;

3) Onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən, Avropa İttifaqının iki lokomativ dövlətindən  biri olması, habelə ərazisində 200-dən artıq beynəlxalq təşkilatın (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), YUNESKO, İnterpol, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu və s) yerləşməsi faktı da Fransanın qlobal-bəşəri problemlərin həllində geniş təsir vasitələrinə malik olduğunu təsdiqləyir.

Şərqlə Qərb arasında “dəmir pərdə”nin aradan götürüldüyü və “soyuq müharibəyə” son qoyulduğu XXI əsrin astanasında dövlətlərarası münasibətlər hərbi-siyasi motivlərə deyil, iqtisadi amillərə əsaslanır. Güclü iqtisadi potensialı olan dövlətin möhkəm və davamlı siyasi-hərbi dayaqlara da malik olacağı şübhəsizdir.

Erməni diasporu və lobbisinin güclü təsir mexanizmlərinə malik olduqları Fransa dövlətini yaxın perspektivdə Azərbaycanla daha sıx münasibətlərə girməyə sövq edən amillərdən birinin nə qədər paradoksal səslənsə də, Dağlıq Qarabağ problemi olacağı istisna olunmurdu. Niyə? Çünki Fransanın da suverenliyi və ərazi bütövlüyü üçün daimi təhlükə mənbəyi olan Korsika problemi vardır. Rəsmi Parisin Dağlıq Qarabağ problemlərinə münasibətdə separatçı erməni qüvvələrinə loyallıq nümayiş etdirməsi, oxşar etnik problemi olan Fransanın milli maraq və mənafelərinə ziddir, ölkənin yaxın perspektivlərinə dair nikbin proqnozlar verməyi istisna edir. Bunu qeyd etməklə, Dağlıq Qarabağ və Korsika problemlərini tam eyniləşdirmək, onlar arasında bərabərlik işarəsi qoymaq təbii ki, düzgün deyil. Sadəcə olaraq, sözügedən problemlər yalnız mövcud olduğu dövlətlərdə oxşar çətinliklər doğurduqları baxımından bənzərdirlər. Əslində isə bu problemlər öz mahiyyəti etibarilə bir-birindən kəskin şəkildə fərqlənir.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-07-14 / 00:00
Facebook