Cənubi Qafqazın perspektivli ölkəsi

Cənubi Qafqazın geosiyasi rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə olduqca əhəmiyyətlidir.  Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində öz əlverişli geosiyasi mövqeyinə görə xüsusi dəyərə malikdir.

Xəzər dənizi və Qara dəniz, Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir. Xəzərin zəngin karbohidrogen yataqlarının böyük bir hissəsinin burada yerləşməsi isə onu, xüsusilə də ən mühüm nöqtəyə və zəngin neft-qaz potensialına sahib Azərbaycanı daha cazibədar edir. Bu isə Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir.

ABŞ-ın keçmiş Prezidenti Ceyms Karterin milli təhlükəsizlik məslələri üzrə müşaviri Z.B. Bjezinskinin qeyd etdiyi kimi, ABŞ da Cənubi Qafqaz kimi mühüm geostrateji əhəmiyyətli bir regionda öz siyasi təsirini artırmağa çalışır. Bu bölgə bütün növ qiymətli metal və neft-qaz yataqları ilə zəngindir. Dünyanın enerjiyə olan ehtiyacı yüksələn xətlə dəyişdiyi zaman bu karbohidrogen ehtiyatları ilə zəngin bölgənin əhəmiyyətini daha da artırır.

Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, regionda olan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir. Qlobal iqtisadi layihələrdə iştirak sıradan birisi kimi deyil, əsas aparıcı dövlətlərdən birisi kimi Azərbaycana aid edilə bilər.

Regionun karbohidrogen ehtiyatlarının işlənməsinə aid qlobal layihələr, əlbəttə, Azərbaycansız təəvvür edilə bilməz. Azərbaycanın əvəzolunmazlığı təkcə istehsalçı olduğuna bağlı deyildir. Bu həm də tranzit ölkə kimi Azərbaycanın öz məhsullarını və Orta Asiya respublikalarının məhsullarını Avropaya çıxaran enerji, tranzit dəhlizi olmasına bağılıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir.

Nailə Məmmədova
“Azerbaijan Realities”

2014-07-08 / 00:00
Facebook