Azərbaycan Respublikasının Qərbə inteqrasiya siyasəti çərçivəsində Avropanın nüfuzlu təşkilatlarından olan Avropa Şurası ilə əlaqələrinin başlanğıcı 1992-ci ilə təsadüf etsə də, təəssüf ki, həmin ildə bu Ümumavropa təşkilatı ilə əməkdaşlığa nail olmaq mümkün olmamışdı. Buna səbəb, bir tərəfdən Azərbaycan Respublikasının üzləşdiyi problemlər, digər tərəfdən isə Avropa Şurasının hələ ki, Qafqaza doğru irəliləməyə hazır olmaması idi.
Lakin tarixən baş verən sürətli dəyişikliklər Azərbaycanın Avropa Şurasına qatılması yolunda mühüm nəticələrə gətirib çıxardı. Belə ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə olunması, respublikamızda davamlı islahatlar, demokratik dövlət quruculuğu, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımlar, bu sahədə beynəlxalq konvensiyalara qoşularaq onların ölkəmizdə tətbiqinə şəraitin yaradılması, 1998-ci ildə mətbuat üzərindən senzuranın götürülməsi və ölüm hökmünün ləğvi ölkəmizin bu təşkilata daxil olmasını yaxınlaşdırmışdı.
Nəticə olaraq, 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan Respublikası artıq 13 ildir ki, bu təşkilatın tribunasından istifadə edərək, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Elə 24 iyunda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı da bu baxımdan xarakterikdir.
Sessiya zamanı müstəqilliyin ilk illərindən Azərbaycanda yaranan problemləri və onların həlli istiqamətində görülən tədbirləri iştirakçıların diqqətinə çatdıran Prezident həmçinin, ölkəmizdə vətəndaş hüquq və azalıqlarının təminatı məsələsinə toxunaraq bu sahədə görülən işləri bir daha sadalamışdır.
Əsas məsələ isə hər zaman olduğu kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsidir ki, bununla da bağlı Prezident İlham Əliyev çox geniş məruzə etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrin heç birinin icra olunmadığını qətiyyətlə bəyan edən Prezident bununla bağlı lazımı mexanizmin yaradılmadığı halda onların mahiyyətinin itirildiyini də bir daha nəzərə çatdırmışdır.
“...Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq orqanı – BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur. Ermənistan əraziləri tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir.”
Göründüyü kimi, bu çıxış Azərbaycanın bir daha Avropa Şurasının ali tribunasından istifadə edərək öz məqsəd və məramlarını, eləcə də Ermənistanın işğalçılıq siyasətini dünya dövlətlərinə bəyan etmişdir.
Ləman Xəlilova
“Azerbaijan Realities