“Dondurulmuş” münaqişə

Reallıqdır ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Respublikamızın ərazisinin 20%-i işğal edilmiş, bir milyondan artıq həmvətənlərimiz öz yurd-yuvalarından didərgin düşmüşdür. Əzəli Azərbaycan torpaqları, maddi-mədəni sərvətlərimiz illərdir ki düşmən tapdağındadır.

Qeyd etmək lazımdır ki, atəşkəsin elan olunmasından keçən müddət ərzində Respublikamız bu imkandan maksimum şəkildə yararlanıb:

-  Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dünyamiqyaslı enerji layihəsi reallaşıb;

-  Respublikamızda möhkəm və davamlı siyasi sabitlik əldə edilib;

-  Azərbaycan yürütdüyü müstəqil xarici siyasət nəticəsində beynəlxalq əlaqələrini möhkəmləndirib, Cənubi Qafqaz ölkələri arasında lider statusunu qazanıb.

Münaqişənin həlli istiqamətində Azərbaycanın müdafiə etdiyi prinsiplər dövlətimizin səsləndirdiyi bəyanatlarda əks olunan tezislər aşağıdakılardır:
-  Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır;
- Qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra Ermənistanla əlaqələr qurula bilər;

- Azərbaycan Dağlıq Qarabağda məskunlaşacaq erməni xalqının da təhlükəsizliyinə təminat verir;

- Dağlıq Qarabağ Ermənistana dəhliz vasitəsilə çıxış əldə edə bilər;

- Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilə bilər və bu məsələ gələcəkdə müzakirə oluna bilər.

ATƏT-in Minsk qrupu üzvlərinin münaqişənin həlli prosesinə qeyri-səmimi yanaşmaları, öz geosiyasi maraqlarını təmin etməyə çalışmaları müharibə alternativini inkar etmir. Prezident İlham Əliyevin 2014-cü il 24 iyun tarixində AŞPA-dakı tarixi nitqi bu məsələdə heç bir güzəştə gedilməyəcəyini dünyaya bəyan etdi. Təsadüfi deyildir ki, ölkəmizdə hərbi-strateji ehtiyatlar ordu quruculuğuna səfərbər edilir, güclü müdafiə qüdrəti yaradılır, eyni zamanda silahlı qüvvələrin hərbi-texniki və kadr potensialı gücləndirilir.

Nailə Məmmədova
“Azerbaijan Realities”

2014-07-08 / 00:00
Facebook