Azərbaycanın demokratikləşmə yolu

Azərbaycanda demokratikləşmə prosesi və siyasi sistemin islahatı cəhdləri öz başlanğıcını keçmiş SSRİ-də baş verən “yenidənqurma” prosesləri dövründən götürmüşdür. Lakin bu proseslər müəyyən səbəblərdən yarımçıq qalmışdı.

Dünya təcrübəsi göstərir ki, demokratikləşmə prosesləri heç də tam başa çatmır. Çünki bu, olduqca mürəkkəb prosesdir. Burada müxtəlif sosial qrupların maraqlarının toqquşması, bu zəmində ziddiyyətlərin yaranması – streotiplər, kök salmış ənənələr və s. çətinliklər yaradır. Bu baxımdan məhz keçmiş SSRİ-də bu proseslər başlasa da, sona kimi davam etdirilə bilmədi. İlk növbədə, bu onunla əlaqədardır ki, totalitar rejimin prinsipləri demokratik normalarla ziddiyyət təşkil edirdi.

Yalnız müstəqillik əldə olunduqdan sonra postkommunist ölkələrində, o cümlədən Azərbaycanda demokratikləşmə üçün imkanlar yarandı və xalq da özünün demokratiyaya keçid niyyətini açıq bəyan edə bildi. Bu da qəbul olunan sənədlərdə öz əksini tapdı. Həm 1991-ci ildə qəbul olunmuş “Müstəqillik haqqında akt”da, həm də 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında demokratiyanın siyasi-hüquqi əsasları təsbit olundu.

Konstitusiyanın müddəaları öz məzmununa görə demokratik xarakter daşıyır. Konstitusiyada hakimiyyətin 3 qola bölünməsi, suverenlik hüququnun xalqa verilməsi, vətəndaşların bərabərlik, azadlıq, mülkiyyət, seçki, birləşmək, təhsil və s. hüquqlarını, söz, vicdan, sərbəst toplaşmaq, məlumat almaq və s. azadlıqlarını təmin edən müddəaların yer tutması onun demokratik xarakterindən xəbər verir.

Qeyd edək ki, Azərbaycanda demokratikləşmə prosesi Qərbdən bir sıra xüsusiyyətləri ilə fərqlənir:

1) Qərb ölkələrindən fərqli olaraq, bu proses qanun və islahatlar vasitəsilə cəmiyyətdə demokratik dəyərlərin tətbiq edilməsi ilə müşayiət olunur. Qərb ölkələrində isə bu proses aşağıdan yuxarı gedir;

2) Qərb ölkələrinin əksəriyyətində demokratik dəyərlərin tətbiq edilməsi uzunmüddətli proses olmuşdur. Azərbaycanda isə beynəlxalq təcrübədən, beynəlxalq təşkilatların köməyindən istifadə olunmaqla, bu prosesin qısa müddətli olması nəzərdə tutulur.

Bu gün də ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət demokratiyanın inkişafına geniş imkanlar açır və cəmiyyət üzvləri tərəfindən yeni dəyərlərin mənimsənilməsini səciyyələndirir.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-07-08 / 00:00
Facebook