Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra yenicə istiqlaliyyət qazanmış dövlətə digər dövlətlərin təzyiqi, Ermənistan tərəfindən ərazilərimizin işğalı, bununla regionlara vurulan zərər, ölkədə hökm sürən qeyri-siyasi sabitlik, eləcə də hakimiyyət uğrunda baş verən vətəndaş müharibəsi nəticəsində yaranmış xaos təbii olaraq iqtisadiyyatın tənəzzülünə və ölkədə iqtisadi böhrana gətirib çıxarmışdı. Məhz buna görə də, 1991-ci ildə 2,7 milyard manat olan ÜDM 1991-1994-cü illər ərzində hər il orta hesabla 16,5% azalmışdı. Bu isə 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsinin 5,7 dəfə azalmasına səbəb oldu. Bununla da ölkə hiper-inflyasiya mərhələsinə daxil oldu. Təəssüf ki, bu cür çətin siyasi situasiyada ölkə rəhbərliyinin qəbul etdiyi qərarların konkret olaraq regionlara yönəlməməsi, yəni ümumrespublika səviyyəsində nəzərdə tutulması regionların diqqətdən kənarda qalmasına, bu isə regionların əhalisinin həyat səviyyəsinin düşməsinə, istehsalın azalmasına, yoxsulluğun, işsizliyin artmasına gətirib çıxarmışdı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan sosial-iqtisadi inkişafın yeni mərhələsində həyata keçirilən siyasət nəticəsində müstəqilliyin ilk illərində yaranan bu böhranı aradan qaldırmaq mümkün olmuşdur. Xüsusən 1994 – cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə müstəqillik tarixində, eləcə də iqtisadiyyatın inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyuldu. Bununla da həyata keçirilən uğurlu neft strategiyası ölkəyə xarici investisiyaların axınını gücləndirmiş və iqtisadiyyatın canlanmasına şərait yaratmışdı. Təbii ki, xarici investisiyaların cəlb edilməsi inkişaf etmiş ölkələrin idarəetmə təcrübəsindən istifadə olunması, ölkəyə müasir texnologiyaların gətirilməsi, yeni müəssisələrin inşası, iş yerlərinin açılması və nəticədə iqtisadi inkişaf demək idi. Bütün bunların tətbiqi isə nəticədə ölkədə inflyasiyanın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardı. 1994 – 1997 – ci illər arasında inflyasiya tempini aşağıdakı cədvəldən də görə bilərik.
İl İnflyasiyanın tempi (%)
1994 1800
1995 84,6
1996 6,8
1997 0,4
Göründüyü kimi, “...Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən də istifadə etmək, islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişdirmək lazımdır” deyən Ümummilli lider Heydər Əliyevin apardığı radikal islahatlar nəticəsində çox qısa müddətdə inflyasiyanın səviyyəsi aşağı salındı və iqtisadi sabitlik əldə olundu. Ən böyük yenilik isə Heydər Əliyev tərəfindən dövlət quruculuğu və iqtisadi islahatlar sahəsində yeni bir modelin, yəni Azərbaycan modelinin əsasının qoyulması oldu ki, bununla da müstəqil milli iqtisadiyyatın yaradılması və onun dünya iqtisadi sisteminə inteqrasiyasının təmin olunması əsas məqsədə çevrildi.
Ləman Xəlilova
“Azerbaijan Realities”