Qafqazın ən güclü ordusu

Azərbaycanın müstəqil dövlətçilik tarixində ən böyük nailiyyətlərdən biri müasir dövrdə artıq çox güclü potensiala malik olan Milli Ordunun yaradılması olmuşdur. Azərbaycanda Silahlı Qüvvələrin yaradılması tarixi Azərbaycan Xalq Cumhuriyyəti dövrünə təsadüf edir.

Məlum məsələ idi ki, o zaman Rusiya öz məkrli siyasətini həyata keçirmək üçün türk-müsəlman əhalisini ordudan uzaqlaşdırırdı və bu da həmin xalqların hərbi təcrübəsizliyinə gətirib çıxarmışdı. Bu isə erməni təcavüzünün qarşısını ala biləcək nizamlı ordunun olmaması ilə nəticələnə bilərdi. Yaranmış bu vəziyyət 1918 – ci ildə Azərbaycan Demokratik Respublikası rəhbərliyi tərəfindən qiymətləndirilərək istiqlal bəyannaməsində qeyd edilmişdir. Bəyannamədə deyilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.

Ordu quruculuğu zərurəti 1918-ci il 26 iyununda Azərbaycan Milli Ordusunun yaradılması ilə nəticələndi. Belə ki, həmin gün Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı və Avqustun 1-də Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Qısa vaxt ərzində Azərbaycanın milli ordu quruculuğunda mühüm irəliləyiş əldə olunsa da 1920-ci ilin aprelində Sovet işğalından sonra milli ordu ləğv edildi.

Buna baxmayaraq, Azərbaycan SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğunda çox mühüm addımlar atılmışdır. Onun qayğısı ilə minlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin o illərdə təhsil almağa göndərdiyi məzunlardır. Bundan əlavə  1973-cü ildə bu uzaqgörən dövlət başçısının təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradıldı. Bu qərar böyük cəsarət tələb edirdi. Çünki Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını sübut etməyə çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası bu cəhdlərin qarşısını aldı. Bu hərbi məktəb Azərbaycanda ordu quruculuğunda əsas bazalardan birinə çevrilib və bu gün də hərbi kadr hazırlığı sahəsində mühüm əhəmiyyət daşıyır.

Lakin bununla belə, AXC dövründən qoyulan ənənə müstəqilliyi yenidən bərpa etdikdən sonra da davam və inkişaf etdirildi. Azərbaycanı yenidən öz istiqlaliyyətinə qovuşduran dahi azərbaycanlı Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırılaraq Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələri yaradıldı.

1998-ci il mayın 22-də Heydər Əliyevin imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. İstər Azərbaycandan kənarda, istərsə də respublika daxilində milli hərbi kadrların hazırlanması sahəsində möhtərəm Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Qeyd edək ki, “Globalfirepower.com” saytında yerləşdirilən reytinq cədvəlinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında 50-ci yerdədir.    Cədvəldə Azərbaycan ordusu Qafqazın ən güclü ordusu adlandırılıb. Bu isə müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri hesab olunmalıdır.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-06-24 / 00:00
Facebook