XX əsrin sonlarından etibarən beynəlxalq arenada yeni güc mərkəzlərinin formalaşması, dövlətlərarası əlaqələrin fərqli aspektdə inkişafı yeni dünya nizamının yaranmasına, dünyəvi əhəmiyyətli problemlərin meydana çıxmasına səbəb oldu. Cənubi Qafqaz regionu və onun ən perspektivli ölkəsi olan Azərbaycan qlobal, regional və regiondankənar qüvvələrin böyük diqqət mərkəzində saxladığı ərazilərdir. Burada ikitərəfli və çoxtərəfli müstəvidə maraqlar cəmləşmişdir.
Azərbaycan dünya nizamının aparıcı üzvü olmaqla, yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirmiş, çevik və kompleks tədbirlər sistemini həyata keçirir. Ümummilli lider Heydər Əliyev bununla bağlı qeyd etmişdir: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək".
Hazırda beynəlxalq münasibətlərin tamhüquqlu üzvü olan Azərbaycan Respublikasının dünya siyasətində yerinin müəyyən edilməsi, habelə onun milli mənafeyinin və maraqlarının qorunması, regional və beynəlxalq siyasi proseslərdə çevik siyasət həyata keçirmək üçün atdığı addımları və onları doğuran səbəbləri elmi təhlildən keçirmək əhəmiyyətlidir.
Azərbaycan qloballaşan dünyanın ən mühüm, həssas nöqtələrindən birində yerləşir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti regional layihələrin reallaşmasında ölkəmizin açar rolunu oynaması zərurətini yaradır.
Dünya siyasəti əsasən Avrasiyada müəyyənləşdirildiyindən bu bölgə geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dünyanın siyasi və iqtisadi gücünün əhəmiyyətli hissəsi toplanmış Avropa yeni dünya düzənində nə qədər əhəmiyyətə malikdirsə, artıq Asiya hissəsi bundan az olmayan əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında keçid rolunu oynayan Azərbaycan istəsə də, istəməsə də yeni dünya düzəninə qarışır. Çünki Avrasiya dünya siyasətinin mərkəzi arenası olduğundan bu bölgədə yerləşib bitərəf qalmaq mümkün deyil. Həmçinin Azərbaycan coğrafi cəhətdən nə tam Avropa, nə də tam Asiya dövləti deyildir. Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətinin müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır.
Nailə Məmmədova
“Azerbaijan Realities”