Xəzərətrafı oyunun cənub aktoru

Ümumiyyətlə İran İslam Respublikasının Xəzər dənizinə yanaşması fərqlidir. 1955-ci ildə İran tərəfinin qəbul etdiyi “Kontinental şelfin təbii ehtiyatlarının kəşfiyyatı və istifadə olunması haqqında” qanunda qeyd olunur ki, “Xəzər dənizinə münasibətdə beynəlxalq qanunlar qüvvədədir və dənizin təki, onun təbii sərvətləri, İran sərhədləri və İran adaları olan yerlər İran suverenliyində olub və olaraq da qalacaq”. Bu da o deməkdir ki, İran tərəfi Xəzəri faktiki olaraq qapalı dəniz rejimində görür.

İran İslam Respublikası Xəzərin hüquqi statusu ilə bağlı iki əsas təkliflə çıxış etmişdir:

1) Dənizin dibinin 20% olmaqla beş sahil ölkəsi arasında “bərabər bölünməsi”, səthininsə ümumi istifadədə saxlanılması;

2) Xəzərdən hər bir sahilyanı dövlətə öz ərazisindən dənizin ortasına doğru 20 millik - “sahil ərazi suları zonası” və 20 millik “iqtisadi zona” ayrılması. 40 millik zonadan kənarda qalan Xəzərin orta hissəsinin bütün sahilyanı ölkələrin “ümumi istifadəsində” qalması və “konsensus” yolu ilə idarə olunması.

Mütəxəssislərin fikrinə görə, Xəzər dənizinin statusuna yanaşmada İranın hər iki mövqeyi iki əsas amilə söykənir.

1) Qərb ölkələrinin dənizdə nə hərbi-geostrateji, nə də ki, geoiqtisadi iştirakına imkan verməmək;

2) Yeni yaranmış şəraitdən istifadə edərək, Xəzər dənizində öz geosiyasi mövqelərini gücləndirmək, bölgənin müsəlman ölkələrində dominantlıq qazanmaq və mümkün qədər Rusiyanı bu məkandan sıxışdırmaqdan ibarət idi.

Professor Əli Həsənov bu məsələ ilə bağlı qeyd etmişdir ki, İranı öz iqtisadi maraqlarından daha çox, geosiyasi mənafeləri düşündürür. Çünki rəsmi Tehranı bu məsələdə maraqlandıran əsas məqam Xəzərin “dəniz”, yaxud “göl” kimi qəbul olunması deyil, İranın geostrateji təhlükəsizliyinin təmin edilməsi və regionda aktivləşmiş Qərb ölkələrindən qaynaqlanan “potensial təhlükələrin” qarşısının alınmasıdır. İqtisadi maraqlar isə Tehran üçün ən azı ona görə ikinci dərəcəlidir ki, onun Fars körfəzində, digər quru ərazilərində Xəzərdəkindən qat-qat üstün və zəngin enerji qaynaqları, hazır istehsal infrastrukturları mövcuddur.

İran da həmçinin Rusiya kimi Azərbaycanın regionda reallaşdırdığı enerji layihələrinə və xarici şirkətlərin buraya cəlb olunmasına, xüsusən də, Azərbaycanın bu sahədə ABŞ-la əlaqələrinin inkişaf etməsinə həssaslıqla yanaşır.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-06-17 / 00:00
Facebook