Türk birliyi və əməkdaşlığı

Bu gün türk dövlətlərinin siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə qarşılıqlı münasibətləri əməkdaşlığın real əsasını təşkil edir. Türk Birliyi ideyası SSRİ-nin çökməsindən sonra xüsusi bir vüsət almış, ortaq dəyərləri, soykökü, tarixi paylaşan türkdilli dövlətlərarası əlaqələr daha da genişlənmişdir. Türk Birliyinin real şəkildə formalaşması üçün atılan ilk addım 2010-cu ildə Türk Dövlət Başçılarının Zirvə Sammitində Prezidentlərin qərarı ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adlı təşkilatın qurulması oldu. İrəli sürülən əsas məsələlər Qurumun təşkilatlanması, təsir imkanlarının artırılması, ilk addımda regional təşkilata çevrilməsi, sonradan qlobal siyasi proseslərə təsir etmək imkanı əldə etməsi idi. 4 illik qısa fəaliyyət müddətinə baxmayaraq Təşkilat ortaq mədəniyyət, ənənələr, maddi və mənəvi dəyərləri əhatə etməklə türkdilli xalqların tarixi köklərini qorumaqda və təbliğ etməkdə əvəzolunmaz rol oynamışdır. Ən vacib məqam isə türkdilli dövlətlər arasında əməkdaşlıq yaradılmasında Təşkilatın xüsusi çəkiyə malik olmasıdır.

5 iyun 2014-cü il tarixində Bodrum şəhərində reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın, strateji tərəfdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Zirvə toplantısı çərçivəsində Təşkilat üzvləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması; Türk Şurasının üzvü olan dövlətlər arasında nəqliyyat və kommunikasiyaların inkişafına diqqət yetirilməsi; Ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsi və s. kimi məsələlər müzakirə olunmuş, 1 il ərzində Azərbaycanın rəhbərliyi ilə yerinə yetirilmiş vəzifələr təhlil olunmuşdur. Həmçinin növbəti illər ərzində də Şuranın məqsəd və məramına uyğun olan vəzifələr müəyyənləşdirilmişdir.

Zirvə toplantısı türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində, təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmasında xüsusi önəm daşıyır. Bu görüş türkdilli dövlətlərarası əməkdaşlığın daha da artması və çox ciddi layihələrin icra edilməsinə töhfələr verəcəkdir.

Nailə Məmmədova
“Azerbaijan Realities”
 

2014-06-17 / 00:00
Facebook