Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında ikitərəfli siyasi münasibətlərin inkişaf etdirilməsində və möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin xüsusi rolu var.
Məlumdur ki, Böyük Britaniya Parlamentində Azərbaycan Parlament Qrupu mövcuddur. Qrupun sədri Böyük Britaniya Parlamentinin üzvü Kristofer Pinçerdir və Parlament Qrupuna 20 nəfər parlament üzvü daxildir.
Həmçinin Azərbaycanın Milli Məclisində də Böyük Britaniya ilə dostluq qrupu fəaliyyət göstərir. Millət vəkili Çingiz Əsədullayevin sədrlik etdiyi qrupa 13 millət vəkili daxildir.
Qeyd edək ki, xarici siyasətin mühüm istiqamətlərindən birini təşkil edən parlamentlərarası əlaqələr çərçivəsində keçirilən görüşlər zamanı ölkələrimiz arasında parlament əlaqələri, Azərbaycandakı iqtisadi, mədəni-ictimai aspektlər, o cümlədən qonşu Ermənistan ilə münaqişə zamanı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın yaşayışının sosial-məişət şəraiti və s.məsələlər müzakirə edilir.
Bu mühüm görüşlərdən biri də may ayının 29-u baş tutmuşdur. Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini qonaqların diqqətinə çatdırmışdır.
Azərbaycanda iqtisadi, ictimai-siyasi sahədə həyata keçirilən islahatlar haqqında qonaqlara məlumat verən Milli Məclisin sədr müavini Valeh Ələsgərov Böyük Britaniya şirkətlərinin respublikamızdakı uğurlu fəaliyyətinə toxunmuş, ölkələrimiz arasında neft-qaz sahəsində də yüksək səviyyədə əməkdaşlığın olduğunu demişdir. Həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer ölkəmizə səfər etməkdən məmnunluğunu bildirərək, səfərin əsas məqsədinin siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına töhfə verməkdən ibarət olduğunu bildirmişdir. K.Pinçer Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu vurğulamış, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün görüləcək işlərdən bəhs etmişdir.
Təbii ki, üzv olduğu beynəlxalq və regional təşkilatlarda (BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası və s) Azərbaycanın fəaliyyəti üçün şərait yaratmaq, dünya dövlətlərinin beynəlxalq təhlükəsizlik və iqtisadi inteqrasiya sisteminə, Avropanın müxtəlif struktur və institutlarına qatılmasına hərtərəfli yardım göstərmək imkanına malik olan Böyük Britaniya kimi bir dövlətlə ikitərəfli münasibətlərin parlament çərçivəsində də inkişafı ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Ləman Xəlilova
“Azerbaijan Realities”