Yeni SSRİ?! - Azərbaycanın mövqeyi

Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev  və Belarus prezidenti Aleksandr Lukaşenko 2014-cü il mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzaladılar. Bununla da uzun zamandır müzakirə mövzusu olan Avrasiya İqtisadi İttifaqı rəsmən yaradıldı. Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Ermənistan prezidenti Serj Sərkisyan Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edərək, Ermənistanın 15 iyun tarixində  Avrasiya İqtisadi İttifaqına qoşulmaq niyyətini bəyan etmişdir. Rusiya Avrasiya İttifaqının sırf iqtisadi inteqrasiya məqsədi daşıdığını təbliğ etsə də əksər şərhçilər belə düşünür ki, bu layihə Kremlin keçmiş sovet məkanı üzərində hökmranlığını yenidən bərpa etmək cəhdlərindən biridir. Belə ki, bu ittifaqın arxasında iqtisadiyyat yox, Moskvanın siyasi ambisiyaları dayanır. Avropa Təhlükəsizlik İnstitutunun baş analitiki Nik Popesku bununla bağlı bildirmişdir ki: “Tamamilə aydındır ki, bu, siyasi layihədir. İqtisadiyyat burada tamamilə dumanlıdır. Rusiya özünü qlobal miqyasda siyasi və geosiyasi qütblərdən biri kimi görür və onun keçmiş sovet məkanında özünə müttəfiqlər axtarması təkcə iqtisadiyyatla bağlı deyil. Rusiya şübhəsiz ki, bu ölkələr üzərində iqtisadi təsirə malik olmaq istəyir. Ancaq bu, baş verəndən sonra Rusiyanın strateji və siyasi səyləri bu ittifaqın iqtisadi tərəflərini kölgədə qoyacaq”

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olmadığını bəyan edib: “Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir”. Bununla belə, Respublikamız inteqrasiya proseslərinə daim müsbət yanaşır. Sadəcə olaraq Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün ciddi əngəllər vardır. Bu isə Rusiyanın birbaşa özü və müttəfiqi Ermənistanla bağlıdır. Əgər Azərbaycan bu İttifaqa üzv olsa, müqavilədə də vurğulandığı kimi digər üzvlərlə çox ciddi iqtisadi əməkdaşlıq etməlidir. Lakin hal-hazırda müharibə şəraitində olan Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə görə bu ölkə ilə bütün əlaqələri dondurmuş, regional layihələrdən kənarlaşdırmışdır. Dövlət başçısının İttifaq təsisçilərinə ünvanladığı məktub da bir daha Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoydu. Qazaxıstan Prezidenti Nursultan  Nazarbayev tərəfindən oxunan məktub bir növ Ermənistana tövsiyyə olub. O, Ermənistanı yalnız BMT tərəfindən qəbul olunmuş sərhədlər daxilində üzv qəbul edə biləcəklərini dilə gətirib. Bu təklif  Vladimir Putin  və Aleksandr Lukaşenko tərəfindən də müsbət qarşılanıb. Bu isə o deməkdir ki, Ermənistanın quruma üzvlüyü yalnız Qarabağsız mümkündür. "Exo Moskvı” radiostansiyasının şərhçisi Arkadi Dubnov bildirib ki, Astana sammitinin ev sahibi Nursultan Nazarbayev Azərbaycan prezidentinin məktubu və orada yer alan şərt barədə danışanda Ermənistan prezidenti Serj Sərkisyanın sifəti əyilmişdi, həmin anların onun həyatında yumşaq desək, heç də ən xoşbəxt dəqiqələr olmadığı aydın sezilirdi.

Bununla da illərdir ki, işğalçılıq siyasətindən əl çəkməyən, daim qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan anlamalıdır ki, bu mövqe heç də fayda gətirmir. Əksinə iqtisadiyyatı iflic vəziyyətində olan Ermənistan regional layihələrdən, iqtisadi səmərə verən təkliflərdən kənarda qalır.

Nailə Məmmədova
“Azerbaijan Realities”

2014-06-11 / 00:00
Facebook