Qurtuluş günü

1991-ci ildə Azərbaycan tarixində mühüm hadisə olan müstəqilliyin bərpası məlum olduğu kimi heç də asan başa gəlmədi. Lakin müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir. Məhz o dövrün siyasi hadisələri də göstərdi ki, Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamaq uğrunda çox böyük rəşadət göstərmişdir. Təbii ki, bu yolda xalqına arxa, dayaq olan dahi lider sayəsində.

O dövrdə baş verən hakimiyyətsizlik, özbaşınalıq, daxili və xarici siyasətdə böhran, ictimai həyatın bütün sahələrində hərc-mərclik, ordunun ağır vəziyyəti nəinki ölkə daxilində ayrı-ayrı qrupların hakimiyyəti ələ keçirməsinə şərait yaradırdı, hətta xarici təzyiqləri də artırırdı. Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış ölkədə vətəndaş müharibəsinin də yaranma ehtimalı hakim dairələri ciddi çıxış yolu axtarmağa məcbur edirdi.

Məhz bütün bu problemlər o zaman göstərdi ki, ölkəmizin güclü bir liderə, öndərə ehtiyacı var. Beləliklə də, müstəqilliyimizi təhlükə altında qoyacaq bu  ağır situasiyadan çıxarmaq üçün bir qrup ziyalı Naxçıvana gedərək Heydər Əliyevi ölkəni bu vəziyyətdən çıxarmağa dəvət etdilər.

İyunun 9-da xalqın hakim dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya gələn Heydər Əliyev qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə də, o vaxtdan etibarən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi tariximizə yazıldı.

Doğrudan da  Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmdı.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-06-11 / 00:00
Facebook