Regional lider

Dünya siyasəti əsasən Avrasiyada müəyyənləşdirildiyindən bu bölgə geosiyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dünyanın siyasi və iqtisadi gücünün əhəmiyyətli hissəsi toplanmış Avropa yeni dünya düzənində nə qədər əhəmiyyətə malikdirsə, artıq Asiya hissəsi bundan az olmayan əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında keçid rolunu oynayan Azərbaycan istəsə də, istəməsə də yeni dünya düzəninə qarışır. Çünki Avrasiya dünya siyasətinin mərkəzi arenası olduğundan bu bölgədə yerləşib bitərəf qalmaq mümkün deyil. Həmçinin Azərbaycan coğrafi cəhətdən nə tam Avropa, nə də tam Asiya dövləti deyildir. Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətinin müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır.

Azərbaycan Avropa və Asiyanı birləşdirən dəhliz olduğuna görə onu regionun “Heartland”i adlandırmaq olar. Dünya dövlətlərinin Azərbaycana marağı ilk növbədə bu amildən irəli gəlir. ABŞ prezidenti B. Klinton 1997-ci ildə bu məsələyə toxunaraq belə bir fikir söyləmişdir: “Bizim üçün müstəqil Azərbaycan sərfəlidir, o, Orta Asiya, Yaxın Şərq və Avropanın kəsişdiyi yerdə yerləşmişdir. Azərbaycan bu regionda mühüm rol oynaya bilər”.

Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində böyük rola və potensiala malikdir. Beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan öz töhfələrini əsasən beynəlxalq təşkilatlarla əməkdaşlıq fonunda verir.

Qloballaşma ölkələr arasındakı sərhədləri daha çox şərti edir. Belə vəziyyət isə Şərqlə Qərb arasında ən səmərəli körpü rolunu oynayan Azərbaycan Respublikasını beynəlxalq ictimaiyyət üçün daha cəlbedici etmişdir. Azərbaycan Respublikası da öz növbəsində müasir beynəlxalq münasibətlər sistemindəki zəruri rolundan və yerindən istifadə edərək öz milli maraqlarının səmərəli təmin olunması istiqamətində çalışır. Əksər dünya dövlətləri kimi Azərbaycan da yeni dünya düzəni siyasətinə istər-istəməz cəlb olunmuşdur. Azərbaycan beynəlxalq təşkilatların üzvü kimi vahid dünya ailəsi şəklində yaşam tərzinə adaptasiya olunur. Bu prosesin bütün dünya ölkələrində getməsi onları tədricən yeni dünya nizamına hazırlamaq xarakteri daşıyır. Bu yanaşma tədricən Avropanın sərhədlərini aşır.

Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə, Cənubi Qafqazın lider dövləti statusunu qoruyub saxlayır. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığının qurulmasına və inkişafına əlverişli zəmin yaradır. Beləliklə, Azərbaycan Respublikasının geosiyasi maraqları onun bütün sahələrdə öz milli dövlətinin qurulması və bu istiqamətdə məqsədlərə nail olmaq kimi iqtisadi-siyasi mədəni yükəslişinin əsas amilidir.

Nailə Məmmədova
“Azerbaijan Realities”

2014-06-11 / 00:00
Facebook