Qloballaşma milli dövlətləri və beynəlxalq aləmin digər subyektlərini bir-birinə yaxınlaşdırır, onlar arasındakı qarşılıqlı asılılığı gücləndirir. Bəzi alimlər qloballaşmanı "yeni dünya nizamı"nın formalaşması kimi səciyyələndirir. Yeni dünya nizamı dedikdə, bəzən müharibə və qarşıdurmalardan ibarət xaos, bəzən isə birqütblü dünyanın formalaşması və dünyanın vahid siyasi mərkəzdən idarə olunması başa düşülür. Yeni dünya düzənində milli dövlətlərin beynəlxalq ictimaiyyətdən və ayrı-ayrı güclü dövlətlərdən asılılğı artmaqdadır. Burada söhbət heç də bütün dövlətlərin beynəlxalq siyasi proseslərdə rolunun zəifləməsindən getmir. Əksinə bir qrup dövlətin rolunun daha da güclənməsi fikri önə çıxır. Bu tendensiyanın təsiri altında konkret dövlətlər və onların ittifaqları dünya siyasi arenasında öz maraq və məqsədlərini daha sərt şəkildə bəyan edirlər. Dövlətin geosiyasi mövqeyi, məkan baxımından oynadığı rol dünya düzənində xüsusi əhəmiyyət kəsb edir.
Dünya düzənində ölkəmizin yerinə və üzləşdiyi təsirlərə gəlincə, deyə bilərik ki, Azərbaycan dünyaya inteqrasiya edən, kifayət qədər açıq dövlətdir. Geniş xarici iqtisadi əlaqələr quran, beynəlxalq siyasi təşkilatlarda fəal iştirak edən, mədəniyyətlərarası dialoqa töhfə verən Azərbaycan yeni dünya düzəninin aktoru olmaqla bərabər, bu prosesə imkanları çərçivəsində təkan verir.
Mövcud beynəlxalq dünya nizamında geosiyasi və geoiqtisadi amillərin xüsusi çəkisinin yenidən artan xətt üzrə inkişaf etdiyi müasir dünyamızda cərəyan edən proseslərin inkişaf axarının düzgün müəyyən edilərək onun milli maraqlarla uzlaşdırılması getdikcə daha böyük önəm kəsb edir. Azərbaycan coğrafi cəhətdən nə tam Avropa, nə də tam Asiya dövləti deyildir. Qeyd olunduğu kimi, Avropa ilə Asiyanın qızıl körpüsü hesab olunan Azərbaycan dünya siyasətini müəyyənləşdirən dövlətlər üçün həyati əhəmiyyətli geosiyasi məkandır. Azərbaycanın coğrafi mövqeyi onun dünya düzənində aparıcı idarəedənlərdən olmasına imkan yaradır. Bununla belə, müstəqil dövlət kimi Azərbaycan üçün artıq yeni dünya düzəni siyasətində kompleks, əhatəli, uzunmüddətli geostrategiyanın hazırlanması və ortaya qoyulmasının vaxtıdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”