Tarixi İpək Yolunun üstündə yerləşən dövlətlərdən biri olan Çinlə Azərbaycan arasında mövcud olan münasibətlər də elə İpək Yolu qədər qədim tarixə malikdir. Məhz bu tarixiliyin nəticəsidir ki, bu gün ikitərəfli əlaqələr inkişaf trayektoriyası üzrə irəliyə doğru getməkdədir.
Müstəqil bir dövlət kimi Azərbaycan Respublikası Uzaq Şərqin qabaqcıl dövlətlərindən biri olan Çinlə 1992-ci il aprelin 2-də diplomatik əlaqələr qurmuşdur. Bəs müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası üçün Çinlə ikitərəfli münasibətləri aktuallaşdıran əsas səbəblər hansılar idi?
1) İlk növbədə yeni dünya düzənində söz sahibi olan böyük 7-lərdən biri olması;
2) Günümüzdə Çinin yalnız Şərqi və Mərkəzi Asiyada, Yaxın və Orta Şərqdə deyil, bütün dünyada gedən proseslərə təsir gücünə malik dövlətə çevrilməsi;
3) Çinin son 20 ildə dünyanın ən nəhəng iqtisadi və hərbi güclərindən birinə çevrilməsi (Çin daş kömür hasilatına, sement, polad, aliminium, velosiped, tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə, həmçinin 80-ci illərin əvvəllərindən başlayaraq iqtisadiyyatın artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri tutur)
4) Onun Birləşmiş Millətlər təşkilatında yeri və rolu;
Məhz Çinin qloballaşan dünyada bu qədər inkişaf etmiş bir dövlətə çevrilməsi və dünyada gedən proseslərə təsir gücünün artması Azərbaycanı bu ölkə ilə münasibətləri inkişaf etdirməyə və güclü tərəfdaşlıq əlaqələri saxlamağa sövq etmişdir.
1992-ci ildən bəri aparılan xarici siyasətə nəzər yetirsək, görərik ki, Azərbaycan-Çin münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir. Təbii ki, burada yalnız Azərbaycan tərəfi deyil, həm də Çin maraqlıdır. Çünki sürətlə inkişaf edən Çinin xammal və enerji çatışmazlığı onun üçün Azərbaycan və Xəzər hövzəsini maraqlı edir. Bu baxımdan da hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur.
Bu ilin 19-20 may tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər də münasibətlərin inkişafı baxımından çox mühüm tendensiya kimi qəbul edilə bilər.
Ləman Xəlilova
“Azerbaijan Realities”