Azərbaycan - Fransa əlaqələri strateji tərəfdaşlığa, tarixi əməkdaşlığa söykənir. Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. (31 dekabr 1991-ci il) . Avropanın aparıcı dövləti olmaqla, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın xüsusi yeri və rolu vardır.
Azərbaycan - Qafqaz ölkələri içərisində Fransanın ən sıx kommersiya əlaqələri yaratdığı ölkədir, bu, xüsusilə onun karbohidrogenlə təchizatı ilə əlaqədardır. Azərbaycanla daim yüksək olan və 2005-ci ildə 494 milyon olan ticarət dövriyyəsi, 2005-ci Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2006-cı ildə Bakı-Tbilisi- Ərzrum qaz kəməri və Azəri-Çıraq-Günəşli yatağında istehsalın artması nəticəsində iki dəfə yüksəlmiş və 2008-ci ildə 1,8 milyard, 2011-ci ildə isə 3,2 milyard avroya çatıb, bu yüksəliş liviya neftinin azərbaycan nefti ilə əvəz edilməsi nəticəsində olmuşdur. Son illər dövlətlərarası iqtisadi, siyasi, təhsil, həm də mədəni sahələrdə əməkdaşlıq genişlənmişdir. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. İki ölkə arasındakı ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Fransa üçün Azərbaycan mühüm tərəfdaşdır. Bu, xüsusən də enerji sahəsinə aiddir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan əsas aktordur.
Fransa Prezidenti Fransua Ollandın 11 may 2014-cü il tarixində reallaşan Azərbaycan səfəri yuxarıda sadalanan uğurlu əməkdaşlığın bariz isbatı oldu. Səfər çərçivəsində imzalanan sənədlər bir çox sahələr üzrə gələcək əməkdaşlığın müəyyən edilməsində mühüm rol oynayacaq. Bu sənədlərin arasında xüsusilə Birgə Bəyanat dövlətlərarası gələcək siyasi əlaqələrin əsas konturlarının müəyyən olunmasını xarakterizə edir. Səfərin məhz Bakıdakı Fransız Liseyindən başlaması təhsil əlaqələrinin inkişafına verilən önəmin, yüksək səviyyəli əlaqənin göstəricisidir.
Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini göstərir. Lakin nəzərə alınmalıdır ki, artıq 20 illik fəaliyyətə baxmayaraq bu istiqamətdə hələ də əməli addım atılmamışdır. Münaqişənin obyektiv şəkildə həll olunmasında Minsk qrupunda həmsədr olan Fransa məsuliyyət daşıyır.
Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, tərəfdaş dövlətlər olan Fransa ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcəkdir. Fransa Prezidentinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, Fransa-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir.
Nailə Məmmədova
“Azerbaijan Realities”