İnformasiya-kommunikasiya əsri kimi xarakterizə olunan XXI əsr Azərbaycan üçün müasir texnologiyalardan istifadə aktualdır. Respublikamızda reallaşan məqsədyönlü inkişaf modeli neft amilindən asılılığın ləğvinə, alternativ mənbələrdən istifadəyə yönlənmişdir. Bu strateji xəttin əsas qolunu İKT sektorunun sürətli inkişafı, neft gəlirlərinin İKT gəlirləri ilə əvəzlənməsi təşkil edir. Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsini ehtiva edən ardıcıl, məqsədyönlü strategiya həyata keçirilməkdədir. Dünyanın bir çox inkişaf etmiş dövlətləri üçün belə model rolunu oynayacaq ASAN xidmətin yaradılması Respublikamızda reallaşan strateji inkişaf xəttinin əsas göstəricilərindən biridir. Bu proses dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsinin Azərbaycanda tətbiq olunması ilə nəticələndi. Xidmətin yaradılması Azərbaycanda həyata keçirilən müasir dövlət quruculuğu prosesinin uğurlu təkamülünün isbatıdır. Həmçinin “ASAN xidmət” mərkəzinin fəaliyyəti korrupsiyaya qarşı mübarizəni özünün həyati məqsədi elan etmiş Azərbaycanın məramını bir daha bəyan etdi. Belə ki, “ASAN xidmət”in yaradılması vətəndaşların dövlət müəssisələri ilə çevik, normal əlaqə yaradılmasını, həmçinin effektiv idarəetmənin reallaşması imkanını yaradır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərilməsi, dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaradılması, dövlətin adından sui-istifadə hallarına yol verilməsinin qarşısının alınmasından ibarətdir. Bütün bunlar dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 7 may tarixində Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzinin açılışı Bakı şəhərində bu prosesin tamamilə həlli ilə nəticələndi. Bu mərkəz Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaşa xidmət göstərəcəkdir.
Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövrünü “ASAN xidmət”in yaradılması ilə praktiki şəkildə reallaşdırmışdır. Azərbaycan brendi olan, vətəndaşlara lazımi və layiqli xidmət prinsipinin tətbiqinə zəmin yaradan “ASAN xidmət”ə dünyada böyük maraq vardır və bir çox dövlətlər bu təcrübədən istifadə etməyi mümkün hesab edirər. Təsadüfi deyildir ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.
Nailə Məmmədova
“Azerbaijan Realities”