Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti və Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə 10 may 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu artıq 10 ildir ki fəaliyyət göstərir.
Yarandığı gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanın malik olduğu zəngin mədəniyyətin dünyada təbliği ilə onun beynəlxalq nüfuzunun yüksəldilməsində çox böyük işlər görmüşdür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir. Bu gün Heydər Əliyev Fondu tərəfindən aparılan bu yüksək səviyyəli təbliğatın nəticəsidir ki, Azərbaycan dünyaya inteqrasiya olunmaqla öz milli-mənəvi dəyərlərini qoruyan bir ölkə, tolerantlıq məkanı, qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınır.
Milli mədəniyyət nümunələrinin qorunub saxlanması istiqamətində daima fəaliyyət göstərən Fond 10 il ərzində bir çox kitabların yenidən, eyni zamanda bir neçə dildə nəşrinə nail olmuşdur ( 2009-cu ildə “Qabusnamə” rus dilində, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” kitabını latın qrafikası ilə, 2011-ci ildə Nizami Gəncəvinin “Xəmsə”si və s). Eləcə də, musiqi mədəniyyəti tarixində xüsusi yeri olan sənətkarların, Azərbaycan mətbəxinin, musiqi alətlərinin, qədim xalçaçılıq mədəniyyətinin və digər mədəniyyət nümunələrinin dünyaya tanıdılması məqsədilə kitablar və albomlar hazırlamışdır (2008-ci ildə bəstəkar Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu, 2008-ci ildə “Üzeyir dünyası” layihəsi, Azərbaycan cizgi filmləri toplusu, 2011-ci ildə “Azərbaycan xalçaları” nəşri, 2012-ci ildə “Azərbaycanın mədəni irsi” toplusu və s)
Bununla yanaşı fəaliyyəti yalnız mədəni sahə ilə məhdudlaşmayan Heydər Əliyev Fondu həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də bir sıra mühüm işlər görmüşdür. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" (The series of "The true facts about Garabagh") seriyasına ingilis dilində hazırlanmış "Qarabağın tarixi haqqında qısa informasiya" ("Brief Information of the history of Garabagh" ), "Azərbaycana qarşı erməni terror dəstələrinin fəaliyyəti" ("Activity of Armenian terrorist organizations against Azerbaijan"), "Xocalı soyqırımı" ("The Khojaly genocide"), "Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün nəticələri" ("Consequences of Armenian aggression against Azerbaijan") adlı kitablar daxildir.
Heydər Əliyev Fondu bununla da kifayətlənməyərək, həmçinin bir sıra xeyriyyə aksiyalarının keçirilməsi, xəstə uşaqların müalicəsi, əlil uşaqların reabilitasiyası, yeni tibb məntəqələrin tikilərək istifadəyə verilməsi, onların yeni avadanlıqlarla təchiz olunması, həmçinin təhsilə qayğı məqsədilə bağça və məktəblərin təmiri, texnologiyalarla təchizi sahəsində çox böyük işlər görmüşdür.
Fondun bu günə qədər olan fəaliyyəti həqiqətən də Azərbaycanda sosial, humanitar, təhsil, səhiyyə və digər sahələrə çox böyük dəstək olmuşdur.
Xəlilova Ləman
“Azerbaijan Realities”