Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin 69-cu ildönümü tamam olur. İkinci Dünya müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. 1941-ci il iyunun 22-də SSRİ üzərinə faşist Almaniyasının hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuş, tarixə Böyük Vətən müharibəsi kimi düşmüş dəhşətli mübarizə başlanmışdı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. Azərbaycanda xalqın bütün maddi və mənəvi potensialı səfərbərliyə alınmışdı. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuşdur. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni bir səhifə açıblar. Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların ön sıralarında məhz Bakı neftçiləri gedirdi. Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbayca neftçiləri çıxarıb. Danılmaz faktdır ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.
Republikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Dövlət başçısının sərəncamı ilə faşizm üzərində qələbənin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların adları yaddaşımızdan sılınmir və bizləri daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır. Demək olar ki, İkinci Dünya müharibəsindən sonra böyük müharibələr olmayıb. Amma dünyanın müxtəlif yerlərində lokal müharibələr baş verir. Görünür, həmin müharibələri aparan dövlətlər, yaxud onlara təşəbbüs göstərənlər İkinci Dünya müharibəsindən sonra özləri üçün heç bir nəticə çıxarmayıblar. Ununtmaq olmaz ki, bizim ən böyük qələbəmiz Qarabağdadır!
Nailə Məmmədova
“Azerbaijan Realities”