Məlum olduğu kimi, TANAP layihəsinin davamı olaraq, Azərbaycandan ixrac olunan qazın Avropaya nəqli istiqamətində bir sıra yollar ("NABUCCO", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) təklif olunsa da, nəticədə 2013-cü ildə Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəməri layihəsini (Trans-Adriatik Pipeline (TAP)) seçmişdir.
Bu layihə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Məlumata görə Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, TAP layihəsinin əsas rəqibi “Nabucco west” hesab olunurdu. Lakin bu iki layihə içərisindən məhz TAP-ın seçilməsinin bir sıra siyasi və iqtisadi səbəbləri var idi:
TAP-ın uzunluğu 870 kilometr olduğu halda (Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya) Bolqarıstan, Rumıniya, Macarıstandan keçərək Avstriyaya çatmalı olan “Nabucco west”in uzunluğunun 1300 kilometrdən çox olması;
TAP-ın reallaşması üçün ilkin olaraq 2,2 milyard vəsait tələb olunduğu halda, “Nabucco west”ə isə 7,9 milyard dollar tələb olunması zaman və səait baxımından daha sərfəli hesab olunur;
Qərblə Rusiya arasında mövcud olan qaz çəkişməsi əsnasında “Nabucco west” layihəsinin Rusiyanın ciddi narazılığı ilə qarşılandığını nəzərə alsaq, Azərbaycan qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsi onun beynəlxalq siyasətində daha az risk tələb edir.
Bundan başqa, Azərbaycan qazının İtaliyadan Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması da nəzərdə tutulub. Həmçinin Brüsseldə Adriatika-İonika Şurasının XV toplantısının yekununda Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya regional enerji layihələri arasında ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd ediblər. Bu isə layihənin qlobal əhəmiyyətinin artması deməkdir.
Xəlilova Ləman
“Azerbaijan Realities”