Məlum olduğu kimi, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ilk növbədə ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Bu müqavilənin gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.
Təbii ki, bu nailiyyətlər heç də asan əldə olunmamışdır. Hələ müstəqillik ənənələri zəif olan, torpaqları işğala məruz qalmış Azərbaycanın xarici dövlətlərlə müstəqil tərəfdaş rolunda çıxış etməsi o dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Müqavilədə iştirak edəcək hər bir xarici ölkə, xüsusən, nüfuzlu Qərb dövlətləri əslində Azərbaycanın suveren hüquqları və dövlət müstəqilliyi üçün əlavə təminatçı rolu oynamalı idi. Rusiya və İran kimi dövlətlər Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarına və dənizin sektor bölgüsünə özünəməxsus mövqe nümayiş etdirirdilər. Azərbaycan xarici dövlətləri Xəzərdəki neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə, əslində onların dəstəyini qazanmağa, Rusiya və İranın təzyiqlərinin dəf olunmasında onların da gücündən istifadə etməyə çalışırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan özünə beynəlxalq tərəfdaşlar axtarırdı. Bu mənada, Xəzər nefti Qərb dövlətləri ilə Azərbaycanın maraqlarını uyğunlaşdırmaq, tərəfdaşlıq münasibətləri yaratmaq üçün çox əhəmiyyətli bir faktor ola bilərdi. Beləliklə, Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Xəlilova Ləman, “Azerbaijan Realities”