Şərq tərəfdaşlığında önəmli mövqe

2008 - ci ildə ilk dəfə olaraq Fransa tərəfindən Avropa Birliyi ilə Aralıq dənizi ölkələri arasında sıx əməkdaşlıq etmək məqsədilə birlik yaradılması ideyasının irəli sürülməsi sonradan Şərq Tərəfdaşlığı proqramının təməli sayıla biləcək bir təşəbbüs hesab olunur. Belə ki,  məhz bu ideyadan irəli gələrək, İsveç və Polşa tərəfindən Avropa Birliyinin qonşuluq siyasətinin onun Şərq qonşularına da tətbiq edilməsi barədə təklifi irəli sürüldü. Nəticədə 2009-cu ilin May ayında “Avropa Qonşuluq proqramı”nın bir qədər konkret layihəsi olan Şərq Tərəfdaşlığı platforması yarandı.

Şərq tərəfdaşlığının yaradılmasında əsas məqsəd: tərəfdaş ölkələri Avropa Birliyi standartlarına yaxınlaşdırmaq, demokratiya və düzgün idarəçiliyin təbliği, enerji təhlükəsizliyinin gücləndirilməsi, sabitliyin təmin olunması, iqtisadi və sosial inkişafa nail olmaq, sosial bərabərsizliyi azaltmaq və sabitliyin artırılmasına dəstək, qanunun aliliyi, insan hüquq və azadlıqlarına hörmət, davamlı inkişaf  və s. kimi ümumi dəyərlərin təbliği, həmçinin tərəfdaş ölkələrlə AB arasında viza, azad ticarət və enerji təhlükəsizliyi məslələrinin müzakirəsi və həlli üçün çərçivə yaratmaq və sairdir.

Qeyd edək ki, Şərq tərəfdaşlığı proqramı “Avropa Qonşuluq Siyasəti” proqramından daha çox konkretliyi ilə fərqlənir. Belə ki, bu proqram yalnız 6 ölkəni ( Moldova, Ukrayna, Belarus,Gürcüstan, Ermənistan və Azərbaycan )  əhatə edir. Məhz bu 6 ölkə Avropa Birliyinə dərindən inteqrasiya etmək məqsədilə bir sıra sosial-iqtisadi islahatlar aparmalı və öz qanunvericilik bazalarını Avropa Birliyinin standartlarına uyğunlaşdırmalıdır.

Şərq tərəfdaşlığı istiqamətində hər iki ildən bir yüksək səviyyəli sammit görüşü və hər il Xarici İşlər Nazirləri səviyyəsində iclas keçirilir. Məlum olduğu kimi bu il 25 apreldə Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Sammit keçirilmişdir. Qeyd edək ki, bu Sammitdə ən yadda qalan çıxışlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı olmuşdur və bu çıxış bir daha Azərbaycan və Türkiyə Respublikaları arasındakı qardaşlıq münasibətlərinin möhkəmliyini beynəlxalq birliyə nümayiş etdirmişdir.

Belə ki, qardaş ölkənin Sammitdə təmsil olunmamasından istifadə edən Ermənistan prezidenti plenar iclasın mövzusundan tamamilə kənara çıxaraq qondarma “erməni soyqırımı” məsələsini qaldırmış və Türkiyənin Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edərək ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu qeyd etmişdir. Lakin buna cavab olaraq Azərbaycan prezidenti aşağıdakı fikirləri söyləmişdir:

“...Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.  ...Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır.”

Həmçinin Ermənistan prezidentinə cavab olaraq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan və Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən cənab İlham Əliyev Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə məhəl qoymadığını və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirdiyini açıq şəkildə vurğulamışdır.

Bundan əlavə Prezident İlham Əliyev son illərdə Azərbaycanda görülən işlər barədə də Sammit iştirakçılarına məlumat vermiş, siyasi, iqtisadi və digər sahələrdə həyata keçirilən islahatların statistik nəticələrini qeyd etmişdir.

Qeyd edək ki, Sammitdə Prezident İlham Əliyevin Ermənistan prezidentinə verdiyi cavab yaxın günlər ərzində Türkiyə mediasının gündəliyinin bir nömrəli xəbəri olmuşdur.  Türkiyənin bir sıra nüfuzlu qəzetlərində (“Sabah”, “Milliyet”, “Radikal”, “Akşam” , “Posta” , “Cumhuriyet”, “Hurriyet Daily News” və s) və televiziya kanallarında (“TGRT”, “TRT Türk”, “TRT Avaz”, “TRT Haber”) Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyindən bəhs edilmişdir. Bu bir daha sübut edir ki, Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi daim bir-birinə dəstək olur.

Xəlilova Ləman,

“Azerbaijan Realities”
 

2014-05-05 / 00:00
Facebook