Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada, Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən, siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Qərbi Avropa ölkələri ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.
Dünya siyasətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniya Avropa qitəsinin həmin aparıcı dövlətləri sırasındadırlar. Bu baxımdan Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə münasibətləri respublikamızın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir;
Böyük Britaniya ilə əlaqələrin siyasi əhəmiyyətini qısa olaraq aşağıdakı kimi şərh edə bilərik:
Böyük Britaniya üzv olduğu beynəlxalq və regional təşkilatlarda (BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası və s) Azərbaycanın fəaliyyəti üçün şərait yaratmaq, dünya dövlətlərinin beynəlxalq təhlükəsizlik və iqtisadi inteqrasiya sisteminə, Avropanın müxtəlif struktur və institutlarına qatılmasına hərtərəfli əməli yardım göstərmək imkanına malikdir;
Böyük Britaniya özünün xarici ölkələrdə fəaliyyət göstərən geniş diplomatik nümayəndəlikləri vasitəsilə Azərbaycanın dünya ictimaiyyətinə tanıdılmasında, onun geosiyasi və iqtisadi əhəmiyyəti haqqında dünyada müsbət rəyin formalaşdırılmasında mühüm rol oynaya bilər;
Bu dövlət Ermənistan – Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in prinsip və qərarlarının həyata keçirilməsinə, Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin bərqərar olmasına da müsbət təsir göstərmək imkanına malikdir;
Eyni zamanda, Xəzərin Azərbaycan sektorunun dünyanın əsas enerji ehtiyatları ilə zəngin bir bölgəsi kimi müstəqil Azərbaycanın əsas taleyüklü məsələlərinin həllində həyati əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, İngiltərə dövləti ilə bu sahədə əməkdaşlıq Azərbaycan üçün çox böyük siyasi və iqtisadi dəstək rolunu oynaya bilər.
Beləliklə, Böyük Britaniya ilə münasibətlərin qurulması və inkişafı respublikamızın xarici siyasətinin ilk addımı kimi çox uğurlu hesab edilə bilər.