Qədim dövlətçilik ənənələrinə malik olan, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi ölkəmizin tarixində öz əhəmiyyəti ilə seçilir. Ümummilli lider Heydər Əliyev müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin bir daha əldən verilməməsi üçün bütün gücünü səfərbər etdi. Bununla da istiqlalımızın qorunması, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başladı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cü ilin sentyabr ayının 20-də isə xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi” adlı tarixi sənəd imzalandı. Bu, Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Xəzər neftinin dünya bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinə verilən daha bir töhfə oldu.
Ulu öndərimiz neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri neft sektorunda yeni istehsal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsini özünün iqtisadi siyasətində daimi prioteritet vəzifə kimi nəzərdən keçirmişdir. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipinə əsaslanaraq siyasət həyat keçirən Heydər Əliyev iqtisadi inkişafda demokratikləşmə prosesinə mühüm əhəmiyyət verməklə, iqtisadi tərəqqini digər sahələrin inkişafına təkan verən aparıcı qüvvə hesab edirdi. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” 29 dekabr 2000-ci il tarixli fərman da məhz bu ali məqsədlərin həyata keçirilməsinə xidmət etmişdi. Fondun fəaliyyətinin başlıca məramını neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərindən indiki və gələcək nəsillərin mənafeyi naminə məqsədyönlü istifadə təşkil edir.
Bu gün Respublikamızda qazanılan hər bir uğur, həyata keçirilən islahatlar öncül lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir.
Nailə Məmmədova
“Azerbaijan Realities”