Heydər Əliyev Fondu: Qarabağ həqiqətləri

Heydər Əliyev Fondu yarandığı andan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir.  Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu barədə çıxışında demişdir: “...bütün həqiqətləri, hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur”.

Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatın verilməsi, Qarabağla bağlı həqiqətləri əks etdirən nəşrlər, “Xocali soyqırımı”nin tanıdılması və təbliği çərçivəsində həyata keçirilən fəaliyyət Fondun aparıcı fəaliyyət istiqamətini təşkil edir. Xüsusilə 2008-ci ildən etibarən Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start götürən “Xocalıya ədalət” kampaniyası  erməni yalanlarının ifşası baxımından əhəmiyyətli rol oynayır. Kampaniya tərəfindən hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilər, tədbirlər Azərbaycan həqiqətlərinin obyektiv şəkildə tanınması üçün imkan yaradır. "Qarabağ xanəndələri" adlı, azərbaycan, ingilis, rus, fransız dillərində olan musiqi albomunun, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Qarabağ həqiqətləri" silsiləsinin, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində  “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu” ,”Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Azərbaycanın ayrılmaz guşələrindən biri olan Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən amansızlıqların, torpaqlarımızın işğal altında olması, tarixi mədəniyyət abidələrinin məhv olunması və ya dəyişdirilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm vasitə olmuşdur.

Fondun Qarabağ həqiqətlərinin, Azərbaycanın zəngin tarixinin tanıdılması istiqamətində reallaşdırdığı fəaliyyət obyektiv və dürüst informasiya almağa imkan yaradır. Məhz bu rasional siyasətin nəticəsidir ki, Azərbaycan gerçəklikləri bu gün dünyada yayımlanır, ölkəmizin ictimai, siyasi, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ olunur.

Nailə Məmmədova
“Azerbaijan Realities”

2014-04-28 / 00:00
Facebook