XXI əsrdə, getdikcə qloballaşma təzahürlərinin artdığı bir şəraitdə təbii ki, dünyanı informasiya məkanı olmadan təsəvvür etmək mümkünsüz sayılır. 1960-cı illərin əvvəllərində yapon sosial elmlərində istifadə olunmağa başlayan "informasiya cəmiyyəti" anlayışı artıq praktikada öz təsdiqini tapıb. Bu gün informasiya texnologiyaları cəmiyyətin bütün sahələrində istifadə olunur. Elmi texniki inqilab nəticəsində dünya miqyasında informasiya ötürülməsi prosesinin sürətlənməsi müvafiq olaraq hər bir dövlətin qarşısına düzgün informasiya cəmiyyətini mühitinin yaradılması tələbini qoyur.
Bu reallıqdan irəli gələrək, bu gün Azərbaycan Resublikasında da informasiya cəmiyyəti qurulması istiqamətində mühüm addımlar atılır. Azərbaycanda internetə qoşulma tarixi 1994-cü ildən başlasa da, qısa müddətdə onun inkişaf tempi xeyli artmışdır. Artıq Azərbaycan dövlətinin prioritet sahələrindən birinə çevrilən informasiya cəmiyyətinin qurulması istiqamətində atılan xüsusi addımlardan biri Azərbaycan Respublikası Prezidenti tərəfindən 2003-cü ilin fevral ayında “Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologiyalarının inkişafı üzrə Milli Strategiya”nın təsdiq edilməsi olmuşdur. Ümummilli Lider tərəfindən qəbul edilən bu Milli Strategiyanın həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilməsi ilə ölkədə informasiya cəmiyyəti quruculuğu yeni mərhələyə qədəm qoydu.
Ötən ildə baş verən bir sıra yeniliklər – 2013-cü ilin “ İnformasiya –kommunikasiya texnologiyaları ili” elan olunması, İnformasiya Texnologiyaları Universiteti yaradılması, ilk telekommunikasiya peykimiz – “Azerspace-1”in orbitə buraxılması bir daha göstərdi ki, Azərbaycanda informasiya cəmiyyəti mühitinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə həmçinin Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Proqramın həyata keçirilməsi nəticəsində İKT sektorunun əsas göstəricilərinin inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılması, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin bərqərar olması, əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakının təmin edilməsi, elektron xidmətlərin keyfiyyəti yüksəldilməsi, mədəni irsin qorunmasında İKT-nin tətbiqinin genişləndirilməsi və s. əldə olunacağı gözlənilir.
Beləliklə, bu günə qədər ölkədə informasiya cəmiyyətinin yaradılması istiqamətində görülən işlər yuxarıda göstərilən gözləntilərə çatmaq üçün artıq müəyyən bazanın qurulduğunu deməyə imkan verir.
Ləman Xəlilova,
"Azerbaijan Realities"