Azərbaycan Respublikasının üzləşdiyi Dağlıq Qarabağ probleminin həlli məqsədilə 1992 – ci ildə yaradılan ATƏT-in Minsk qrupu öz fəaliyyətini bu günə qədər davam etdirsə də, problemin həlli istiqamətində təəssüf ki, yekun bir qərar çıxarmağa müvəffəq olmamışdır. Bunun da bir neçə səbəbi var. Əsas səbəblərdən biri, Minsk qrupu tərəfindən irəli sürülən təkliflərin bəzilərinin qeyri-obyektiv olması və Azərbaycan tərəfindən qəbuledilməzliyidir. İkinci səbəb, hər iki tərəf üçün obyektiv sayıla biləcək, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək təkliflərin Ermənistan tərəfindən etirazla qarşılanmasıdır. Üçüncü səbəb isə Minsk qrupunun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın münaqişənin həllində ayrı-ayrı maraqlara malik olmaları hesab oluna bilər.
Bununla belə, Minsk qrupu bu günə kimi müəyyən addımlar atmışdır və ən başlıcası münaqişənin həlli istiqamətində atılan bu addımlar dünya ölkələri tərəfindən problemin daha dərindən araşdırılmasına və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının tanınmasına güclü təsir göstərmişdir.
Minsk qrupunun irəli sürdüyü təklifləri aşağıdakı kimi sadalaya bilərik:
1) “Step by Step” təklifi, yəni münaqişənin addım-addım həlli – bu o demək idi ki, əvvəlcə Ermənistan tərəfindən işğal olunmuş ərazilər boşaldılmalı, daha sonra azərbaycanlılar öz yurdlarına qaytarılmalı, yalnız iki ölkə arasında sosial-iqtisadi münasibətlər bərpa edildikdən sonra Dağlıq Qarabağın statusu müəyyən olunmalı idi. Lakin Ermənistan tərəfi Dağlıq Qarabağ üzərindəki mövqeyini itirmək təhlükəsindən qorxduğu üçün bu təklifi qəbul etmədi.
2) “Package Deal”, yəni münaqişənin paket həlli – bu təklifə görə, Qarabağın statusu və erməni əsgərlərinin bölgədən geri çəkilməsi bütövlükdə həyata keçirilməli idi. Lakin bu dəfə Azərbaycan tərəfi azərbaycanlıların öz torpaqlarına qaytarılmadan Qarabağın statusunun müəyyən olunmasının mümkünsüzlüyünü bildirdi.
3) “Commonwealth”, ümumi dövlət ideyası – bu ideyaya görə Azərbaycan ərazisində iki dövlət – Azərbaycan və Dağlıq Qarabağ dövlətləri yaranmalı və ortaq federal dövlətlər kimi fəaliyyət göstərməli idi. Təbii ki, bu təklif Azərbaycanın ərazi bütövlüyünə zidd olduğu üçün Azərbaycan tərəfindən rədd edildi.
2005 – ci ildən etibarən aparılan danışıqlar “Təməl Prinsiplər”, “Madrid prinsipləri” (Madrid Principles) adı altında və ilk iki təklifi özündə əks etdirən prinsiplər üzərində cəmləndi. Bu prinsipə görə Dağlıq Qarabağın yekun statusu mövzusu təxirə salınmalı və işğal altındakı torpaqların qaytarılması, azərbaycanlı əhalinin bölgəyə geri dönməsi, ictimai təşkilatlar və nəqliyyat infrastrukturlarının yaradılması kimi məsələlər prioritet olmalı idi. Bu dəfə də Azərbaycan Respublikası təklifi qəbul etsə də, Ermənistan tərəfi məsələni yubadaraq təklifi qəbul etməkdən boyun qaçırır.
Göründüyü kimi, Azərbaycan tərəfi öz ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə məsələnin sülh yolu ilə həllinə nə qədər can atsa da, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən yenə də əl çəkmir və münaqişənin həllini qəsdən gecikdirir.
Ləman Xəlilova,
"Azerbaijan Realities"